#ərzaq qiymətləri

BMT-nin Ticarət və İnkişaf üzrə qurumu Hörmüz boğazındakı böhranın qlobal iqtisadiyyata təsiri ilə bağlı yeni hesabat yayıb. Hesabatda bildirilib ki, boğazın yenidən açılması enerji bazarlarında müəyyən sabitlik yaratsa da, həssas ölkələr ərzaq və yanacaq qiymətlərinin artımından uzun müddət təsirlənə bilər. Qurum təchizat zəncirlərinin tam bərpasının vaxt aparacağını vurğulayıb. Məlumata görə, nəqliyyat və ərzaq sistemlərinin normallaşması enerji bazarlarından daha gec baş verəcək. Hörmüz boğazında 100 gündən artıq davam edən fasilələr qlobal ticarətə ciddi təsir göstərib. Dünyada neft və təbii qaz daşımalarının mühüm hissəsi bu marşrutdan həyata keçirilir. BMT mövcud vəziyyətin xüsusilə həssas iqtisadiyyatlar üçün risk yaratmağa davam etdiyini bildirib.

İran İkinci Dünya Müharibəsindən sonra ən yüksək inflyasiyaya məruz qalıb. Tehranda yaşayan vətəndaşlar gündəlik ərzaq və ehtiyac məhsullarının qiymətində kəskin artımla üzləşirlər. Bastan bazarında bir kilo düyünün qiyməti bir il ərzində 1,8 milyondan 5 milyon rialadək qalxıb, yemək yağı isə 700,000 rildən 3 milyon riala çatıb. Təqaüdçülər və ailələr yaşayış xərclərini qarşılamaqda ciddi çətinlik çəkirlər. Bu vəziyyət ölkədə sosial rifahın azalmasına və gündəlik həyatın çətinləşməsinə gətirib çıxarır. Artan qiymətlər həm ərzaq, həm enerji, həm də gündəlik tələbat məhsullarına təsir edərək geniş əhali təbəqəsini narahat edir.

Rəsmi statistikaya əsasən, qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 16,61 faiz yüksəlib. Son on iki aylıq orta göstərici üzrə inflyasiya isə 32,24 faiz olaraq qeydə alınıb. Açıqlanan inflyasiya göstəriciləri dövlət qulluqçularının əməkhaqlarına, pensiyalara, minimum əməkhaqqına ediləcək mümkün artımlara, eləcə də kirayə bazarına təsir göstərə biləcək əsas iqtisadi göstəricilərdən biri hesab olunur.