#Tarixi Abidələr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Pir Həsən” ziyarətgah kompleksini və Buzovna “Cümə” məscidini ziyarət edib. O, tarixi-dini abidələrin bərpasının milli-mənəvi irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Komitə sədri bu məkanların xalqın mənəviyyat rəmzləri olduğunu vurğulayıb. Görüşlərdə Heydər Əliyev Fondunun və dövlətin dini-tarixi abidələrin qorunmasına verdiyi töhfələr qeyd olunub. Din xadimləri həyata keçirilən bərpa işlərinə görə təşəkkürlərini bildiriblər. Tarixi ibadətgahların gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Görüşlərdə Milli Məclisin deputatı Soltan Məmmədov da iştirak edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafat qazanıb. Qurum mədəni irsin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan mühafizə sahəsində əldə etdiyi nəticələrə görə fərqləndirilib. Mükafat Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq müsabiqə çərçivəsində təqdim olunub. Qiymətləndirmə zamanı tarixi abidələrin rəqəmsal qeydiyyatı, vahid məlumat bazalarının yaradılması və yenilikçi idarəetmə üsullarının tətbiqi nəzərə alınıb. Dövlət Xidmətinin altı istiqamət üzrə təqdim etdiyi elektron xidmətlər də yüksək qiymətləndirilib. Vətəndaşların müraciətlərini rəqəmsal qaydada izləyə bilməsi şəffaflığı və xidmət keyfiyyətini artıran amil kimi göstərilib. Mükafat qurumun rəqəmsal inkişaf sahəsində gördüyü işlərin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Bu, Dövlət Xidmətinin cari ildə qazandığı növbəti beynəlxalq uğurdur.

Livanın Mədəniyyət Nazirliyi ölkənin tarixi və mədəni irs obyektlərinə qarşı həyata keçirilən hücumlarla bağlı narahatlığını ifadə edib. Nazirlik xüsusilə Sur şəhərinin dünya mədəni irsinin mühüm hissəsi olduğunu vurğulayaraq bu ərazilərin qorunmasının beynəlxalq məsuliyyət daşıdığını bildirib. Açıqlamada Livanın cənubunda yerləşən və minilliklərə söykənən tarixə malik Sur şəhərinin, eləcə də digər tarixi abidələrin təhlükə altında olduğu qeyd edilib. Nazirlik bəzi hücumlar nəticəsində tarixi obyektlərin zərər gördüyünü bildirərək beynəlxalq təşkilatları vəziyyətə müdaxilə etməyə çağırıb. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Sur şəhərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Rəsmi Beyrut hesab edir ki, mədəni irsə qarşı yönələn hər hansı təhlükə ümumbəşəri dəyərlərə qarşı təhlükə kimi qiymətləndirilməlidir.

İsrailin Cənubi Livana hücumu ölkənin min illik tarixi və mədəniyyət irsinə ciddi ziyan vurub. Atəşkəs olmasına baxmayaraq, İsrail qüvvələri 900 illik Beaufort qalasını ələ keçirərək, şiddətli döyüşlərdən sonra regionda dərin hərbi müdaxiləsini davam etdirib. İsrail qoşunları Litani çayının şimalını keçərək Zahrani çayına doğru irəliləyib. Bu hadisələr Livanın mədəni irsi və tarixi abidələrinin təhlükə altında olduğunu göstərir.