Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt artıq təkcə məlumatları emal edən və tapşırıqları yerinə yetirən sistem olmaqdan çıxaraq insanların emosional vəziyyətini təhlil edə bilən mürəkkəb platformalara çevrilib. Bu gün bəzi avtomobillər sürücünün gərgin olduğunu müəyyən edir, mobil tətbiqlər istifadəçinin əhvalını analiz edir, rəqəmsal köməkçilər isə danışıq tərzindən emosional vəziyyəti qiymətləndirə bilir. Bütün bunlar "emosional hesablama" adlanan yeni texnoloji istiqamətin inkişafı nəticəsində mümkün olub.