Oman Dəniz Təhlükəsizliyi Mərkəzi ölkənin ərazi sularında, Hörmüz boğazının sahilboyu gəmiçilik marşrutuna yaxın hissəsində dəniz minasına bənzəyən şübhəli obyektin aşkar edildiyini açıqlayıb. Qurum dənizçilərə, balıqçılara və gəmi kapitanlarına xüsusi xəbərdarlıq edərək maksimum ehtiyatlı davranmağa çağırıb. Hadisə ABŞ və İran arasında Hörmüz boğazının təhlükəsizliyi və idarə olunması ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir. Mütəxəssislər qeyd edirlər ki, strateji enerji marşrutunda mina təhlükəsi beynəlxalq gəmiçilik və qlobal enerji bazarları üçün ciddi risk yarada bilər.