İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Hörmüz boğazında bütün keçid proseslərinin İran Silahlı Qüvvələrinin nəzarəti altında həyata keçirildiyini bəyan edib. Rəsmi açıqlamada ticarət və hərbi gəmilərin yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməli olduğu vurğulanıb. Eyni zamanda bildirilib ki, qaydaların pozulması bölgədə gəmiçiliyin təhlükəsizliyini risk altına qoya bilər. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə xarici hərbi qüvvələrin boğazdakı fəaliyyətinə və ya gəmiçilik proseslərinə müdaxiləsinə qarşı cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib. Açıqlama Hörmüz boğazında təhlükəsizlik məsələlərinin beynəlxalq gündəmdə ön plana çıxdığı bir vaxtda səsləndirilib.
#enerji marşrutları
Oman Dəniz Təhlükəsizliyi Mərkəzi ölkənin ərazi sularında, Hörmüz boğazının sahilboyu gəmiçilik marşrutuna yaxın hissəsində dəniz minasına bənzəyən şübhəli obyektin aşkar edildiyini açıqlayıb. Qurum dənizçilərə, balıqçılara və gəmi kapitanlarına xüsusi xəbərdarlıq edərək maksimum ehtiyatlı davranmağa çağırıb. Hadisə ABŞ və İran arasında Hörmüz boğazının təhlükəsizliyi və idarə olunması ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir. Mütəxəssislər qeyd edirlər ki, strateji enerji marşrutunda mina təhlükəsi beynəlxalq gəmiçilik və qlobal enerji bazarları üçün ciddi risk yarada bilər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 20 gəminin keçidinin İran qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini bildirib. Açıqlama boğazın idarə olunması ilə bağlı Tehran və Vaşinqton arasında davam edən müzakirələr fonunda verilib.
İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Hörmüz boğazındakı vəziyyəti və strateji su yolunun gələcəyi ilə bağlı məsələləri müzakirə edib. Əraqçi görüşü “məhsuldar” adlandıraraq müzakirələrin beynəlxalq hüquq və dövlətlərin suveren məsuliyyətləri çərçivəsində aparıldığını bildirib. İranlı nazir həmçinin Tehranın hər hansı təhdid qarşısında Omanla həmrəy olduğunu vurğulayıb. Danışıq ABŞ Prezidenti Donald Trampın Omanla bağlı son sərt bəyanatlarından sonra baş tutduğu üçün regionda geosiyasi proseslər baxımından xüsusi əhəmiyyət daşıyır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı yeni açıqlamasında Vaşinqtonun bu strateji dəniz keçidinə yanaşmasını izah edib. Tramp bildirib ki, ABŞ bölgədəki vəziyyəti izləməyə davam edəcək, lakin boğazın hər hansı bir tərəfin tam nəzarəti altına keçməsini qəbul etməyəcək. Açıqlama ABŞ–İran danışıqlarının davam etdiyi və Hörmüz boğazının gələcək statusu ilə bağlı müxtəlif iddiaların gündəmdə olduğu bir vaxta təsadüf edir. Analitiklər hesab edirlər ki, Hörmüz boğazı məsələsi hazırda ABŞ–İran danışıqlarında enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və regional sabitlik baxımından əsas mövzulardan biri olaraq qalır.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib. ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur. Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.