İşğaldan azad edilmiş ərazilərə heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin mövsümi köçü artıq 6-cı ildir uğurla həyata keçirilir. Bu müddət ərzində fermerlərin təhlükəsiz fəaliyyətinin təmin edilməsi əsas prioritet istiqamətlərdən biri olub. Əvvəlki 5 mövsüm ərzində köç prosesində iştirak edən fermerlər üçün köçdən öncə təhlükəsizlik qaydalarına dair genişmiqyaslı təlimlər təşkil edilib. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iştirakı ilə Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Füzuli, Bərdə, Göygöl və Yevlax rayonlarında növbəli şəkildə keçirilib.