İran Prezidenti Məsud Pezeşkiyan qonşu dövlətləri regiondakı ABŞ hərbi bazalarından Tehrana qarşı istifadə olunmasına icazə verməməyə çağırıb. Prezidentin bu bəyanatı fonunda regionun bir neçə ölkəsində yeni hücumlar qeydə alınıb. Küveyt Beynəlxalq Hava Limanına edilən PUA hücumları radar sisteminə ciddi ziyan vursa da, insan tələfatı olmayıb. Əbu-Dabidə Xəlifə limanı yaxınlığına düşən raket qəlpələri nəticəsində 6 nəfər yaralanıb, həmçinin Bəhreyn və Omanda da hava həyəcanı siqnalları işə düşüb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə ölkə ərazisinə yönələn ballistik raket və çoxsaylı PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
#Beçiroviç Türkiyədə: Rəsmi səfərin əsas mövzuları
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə İstanbulda görüşüb. Dolmabağça Ofisində baş tutan rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasındakı strateji münasibətlər, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşün işçi nahar formatında davam etdirilməsi nəzərdə tutulub.