#Neft bazarında yeni dinamika

“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser Hörmüz boğazında yaranmış fasilələrin qlobal neft bazarı üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, dünya bazarı hər həftə təxminən 100 milyon barel neft itkisi ilə üzləşə bilər. Nasser qeyd edib ki, boğazdan keçən gəmi sayı kəskin azalaraq gündəlik 70-dən iki-beş gəmi səviyyəsinə enib. Şirkət rəhbəri vəziyyətin uzun müddət davam etməsinin enerji bazarlarında ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 ABŞ dolları və ya 2,58 faiz artaraq bir barel üçün 72,78 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,84 dollar və ya 2,69 faiz bahlaşaraq 70,13 dollar olub.