İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib. İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.