İranda kütləvi etirazların fonunda ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei bazar etirazçıları ilə “iğtişaşçıları” ayırmağa çalışaraq, bazar tacirlərini İslam Respublikasının “ən sadiq təbəqələrindən biri” adlandırıb. Lakin Tehranın Böyük Bazarında davam edən etirazlar və təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz tətbiqi bu ritorikanın reallıqla üst-üstə düşmədiyini göstərir. Xameneinin çıxışı tarixi kontekstdə təsadüfi deyil. Bazar tacirləri 1979-cu il inqilabında mühüm rol oynayıb və onilliklər ərzində rejimin əsas sosial dayaqlarından biri kimi çıxış edib. Lakin son 20 ildə baş verən siyasi-iqtisadi dəyişikliklər bu ənənəvi sədaqəti ciddi şəkildə sarsıdıb.