Konqres 1789-cu il yanvarın 7-ni ölkənin tarixində ilk prezident seçkiləri üçün ştatların seçiciləri (elektorları) müəyyən etməli olduğu tarix kimi təsbit etdi. Bir ay sonra, fevralın 4-də Corc Vaşinqton ştat elektorları tərəfindən prezident seçildi və 1789-cu il aprelin 30-da vəzifəsinin icrasına başladı. 1789-cu ildə olduğu kimi, ABŞ bu gün də Seçicilər Kollegiyası (Electoral College) sistemindən istifadə edir. Bu sistem 18 yaşdan yuxarı bütün ABŞ vətəndaşlarına prezidentə deyil, onu seçən elektorlar üçün səs vermək hüququ tanıyır. Prezident və vitse-prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, məhz Seçicilər Kollegiyası vasitəsilə seçilən yeganə federal vəzifəli şəxslərdir.