İranın Pakistanla sərhədində ölkə ərazisinə daxil olmağa çalışan silahlı qrupla sərhəd mühafizəçiləri arasında toqquşma baş verib. Sistan və Bəluçistan Sərhəd Mühafizəçiləri Komandanı Rza Şəcai hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Sistan və Bəluçistan əyalətinin Səravan şəhəri yaxınlığında İran–Pakistan sərhəd xəttində sərhədçilərlə “İran ərazisinə girməyə cəhd edən terrorçular” arasında silahlı qarşıdurma yaşanıb. Şəcai toqquşma zamanı silahlı qrupun ağır itkilər verdiyini, qaçan şəxslərin isə hadisə yerində çoxlu sayda silah və sursat qoyub getdiyini qeyd edib.