#Netanyahu Qəzza açıqlaması

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı hökumətinin razılıq verdiyi barədə məlumatları təkzib edib. Netanyahunun ofisindən verilən açıqlamada İsrail siyasi rəhbərliyinin beynəlxalq qüvvələrin Qəzza zolağına daxil olmasına razılıq vermədiyi bildirilib. Sözügedən plan ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının iyulun 31-də açıqladığı yol xəritəsində yer alıb. Plana əsasən, Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarət altında milli komitəyə verilməsi, ABŞ generalının rəhbərliyi ilə beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgəyə yerləşdirilməsi, İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.

HƏMAS hərəkatının rəhbərliyinə yaxın mənbələr İsrailin Qəzza zolağında hərəkatın silahlanması ilə bağlı iddialarını “qorxu yaratmaq məqsədli şişirtmə” kimi qiymətləndirib. Mənbələr HƏMAS-ın Qəzzada malik olduğu silahların əsasən yüngül atıcı silahlardan ibarət olduğunu və İsrail üçün real hərbi təhlükə yaratmadığını bildirib. Qeyd olunub ki, bu silahlar yalnız müdafiə məqsədi daşıyır və 2023-cü il 7 oktyabr hadisələri kimi genişmiqyaslı əməliyyatlar üçün yararlı deyil.