Mütəxəssislər xəbərdarlıq edir ki, qış tətili dövründə telefon, planşet və oyun konsollarından həddindən artıq istifadə uşaqlarda həm psixoloji, həm də fiziki sağlamlıq problemlərinin artmasına səbəb olur. Ekran asılılığı narahatlıq, depressiya, diqqət çatışmazlığı və piylənmə riski ilə birbaşa əlaqələndirilir. Texas A&M Universitetinin İctimai Sağlamlıq Fakültəsinin professoru Cey Maddok məktəb tətilləri zamanı rəqəmsal cihazlardan həddindən artıq istifadənin uşaqların ümumi sağlamlığına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrdə, videooyunlarda və digər rəqəmsal platformalarda uzun müddət vaxt keçirməsi təkcə psixoloji problemlərə deyil, həm də fiziki aktivliyin azalması fonunda sağlamlıq pozuntularına yol açır.