Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib. Nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.
#SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur
Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.
Suriya hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDG) arasında Hələb vilayətinin şərqində qarşılıqlı atəş açılması bölgədə gərginliyi pik həddə çatdırıb. Suriya ordusunun Hələbin şərqindəki bəzi əraziləri "qapalı hərbi zona" elan etməsindən sonra tərəflər arasında toqquşmalar başlayıb. SDG-nin bəyanatına görə, hökumət qüvvələri Deyr Hafir rayonunu artilleriya və raket atəşinə tutub, həmçinin partlayıcı yüklü dronlardan istifadə edib. Suriya dövlət televiziyası isə cavab olaraq SDG-nin Homeima kəndini dronlarla hədəf aldığını bildirib.
Suriya ordusu ölkədə Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatına məxsus Hələb şəhərindəki Şeyx Maksud və Əşrəfiyyə məhəllələrində yerləşən bütün mövqelərin qanuni hədəf elan edildiyini açıqlayıb. Bu qərar PKK/YPG-nin Hələb şəhərinin müxtəlif məhəllələrinə və mülki əhaliyə qarşı çoxsaylı hücumlar həyata keçirməsi səbəbilə qəbul edilib. Əməliyyatlar Komandanlığı Şeyx Maksud və Əşrəfiyyə məhəllələrində yaşayan mülki şəxslərə PKK/YPG-yə aid mövqelərdən dərhal uzaq durmaq çağırışı edib. Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə iki humanitar təhlükəsiz keçid dəhlizinin açıldığı bildirilib.
İlin sonunadək Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya dövlət strukturlarına inteqrasiyası ilə bağlı razılaşmanın qorunub saxlanılması məqsədilə intensiv diplomatik səylər davam edir.