#Xartum

Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb. Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.

Yeni peyk görüntüləri Sudanın paytaxtı Xartumdakı Ordu Baş Qərargahı kompleksində və onun ətrafında genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını göstərir. "Əl-Cəzirə" telekanalının Açıq Mənbələr Bölməsi tərəfindən təhlil edilən görüntülərə əsasən, Sudan Silahlı Qüvvələri kompleksdə köhnə tikililərin sökülməsi, ərazilərin yenidən planlaşdırılması və yeni obyektlərin inşasını əhatə edən genişmiqyaslı yenidənqurma proqramına başlayıb.

Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.

Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.