#Yaxın Şərq

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı həyata keçirilən dəniz blokadası çərçivəsində istiqaməti dəyişdirilən kommersiya gəmilərinin sayının 48-ə yüksəldiyini açıqlayıb. Son 24 saat ərzində daha üç gəminin marşrutu dəyişdirilib. CENTCOM əməliyyatın təfərrüatlarını açıqlamayıb. CENTCOM-un ötən gün açıqladığı statistikaya əsasən, həmin vaxta qədər 45 kommersiya gəmisinin istiqaməti dəyişdirilmişdi.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edib və Vaşinqtona etimadın olmadığını bildirib. O qeyd edib ki, ABŞ-nin Anlaşma Memorandumu üzrə öhdəliklərinə qayıtması Hörmüz boğazının yenidən açılması üçün zəruri şərtdir, lakin bu, təkbaşına kifayət etmir. Tehran hesab edir ki, ABŞ-nin əvvəlki öhdəlik pozuntuları ilə bağlı məsələlər də həll olunmalıdır.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni model hazırlayırlar. Plana əsasən, yeni marşrutun böyük hissəsi İranın, qalan hissəsi isə Omanın ərazi sularından keçəcək. Mövcud müvəqqəti şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur. Yeni dəhlizin ilkin mərhələdə 2–4 ay və ya daha uzun müddət istifadəsi planlaşdırılır.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyinin heç bir razılaşmanın predmeti olmadığını bildirib. O, Donald Trampı İsrailin Ağ evdəki ən böyük dostu adlandırsa da, İsrailin təhlükəsizliyi üçün lazım olan bütün addımları "razılaşma ilə və ya razılaşma olmadan" atacağını vurğulayıb. Açıqlama Romada İsrail–Livan danışıqlarının davam etdiyi və Livanın cənubunda hərbi əməliyyatların sürdüyü bir vaxtda verilib.

İsrail ordusu Qalandiya qaçqın düşərgəsində keçirdiyi reyd zamanı fələstinli Kifah Həmədi saxlayıb. WAFA-nın məlumatına görə, hərbçilər onun evinə basqın edərək ailə üzvlərinə zor tətbiq edib və qadını həbs ediblər. Ayağı sınıq olan Kifah Həməd məktəbdə təhsil məsləhətçisi kimi fəaliyyət göstərir. Saxlanılma düşərgədə aparılan genişmiqyaslı əməliyyat fonunda baş verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir. Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İranın maraqlarına qarşı atılan addımlar bölgədə təhlükəsizlik risklərini qoruyub saxlayır. Tehran hesab edir ki, bu amillər aradan qaldırılmadan boğazda tam təhlükəsizlik təmin oluna bilməz.

İran Xarici İşlər Nazirliyi Tehran və Maskatın Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi parametrləri üzrə razılığa gəldiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər hazırda birgə bəyanatın hazırlanmasının son mərhələsindədir. Onun sözlərinə görə, prosesə kənar müdaxilə olmazsa, razılaşma yaxın vaxtlarda rəsmən elan edilə bilər.

Qətər və Misirin xarici işlər nazirləri Əmmanda keçirilən görüşdə ikitərəfli münasibətləri və Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər. Şeyx Məhəmməd bin Əbdülrəhman dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayaraq ABŞ–İran Anlaşma Memorandumunun icrasına və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına çağırış edib. O, Qətərin regionda gərginliyin azaldılması və uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton İranın Hörmüz boğazı üzərində hegemonluq qurmağa çalışdığını iddia edib. O bildirib ki, boğaz beynəlxalq su yolu olaraq bütün kommersiya gəmiləri üçün açıq olmalıdır və İranın mövqeyi dənizlərin sərbəst istifadəsi prinsipinə ziddir. Boltonun fikrincə, bu vəziyyət Fars körfəzi ərəb ölkələrinin təhlükəsizliyi və iqtisadi maraqları üçün də ciddi risk yaradır.