İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir. Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İranın maraqlarına qarşı atılan addımlar bölgədə təhlükəsizlik risklərini qoruyub saxlayır. Tehran hesab edir ki, bu amillər aradan qaldırılmadan boğazda tam təhlükəsizlik təmin oluna bilməz.
#Yaxın Şərq
İran Xarici İşlər Nazirliyi Tehran və Maskatın Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi parametrləri üzrə razılığa gəldiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər hazırda birgə bəyanatın hazırlanmasının son mərhələsindədir. Onun sözlərinə görə, prosesə kənar müdaxilə olmazsa, razılaşma yaxın vaxtlarda rəsmən elan edilə bilər.
Qətər və Misirin xarici işlər nazirləri Əmmanda keçirilən görüşdə ikitərəfli münasibətləri və Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər. Şeyx Məhəmməd bin Əbdülrəhman dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayaraq ABŞ–İran Anlaşma Memorandumunun icrasına və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına çağırış edib. O, Qətərin regionda gərginliyin azaldılması və uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.
ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton İranın Hörmüz boğazı üzərində hegemonluq qurmağa çalışdığını iddia edib. O bildirib ki, boğaz beynəlxalq su yolu olaraq bütün kommersiya gəmiləri üçün açıq olmalıdır və İranın mövqeyi dənizlərin sərbəst istifadəsi prinsipinə ziddir. Boltonun fikrincə, bu vəziyyət Fars körfəzi ərəb ölkələrinin təhlükəsizliyi və iqtisadi maraqları üçün də ciddi risk yaradır.
Roma şəhərində İsrail və Livan arasında atəşkəs danışıqları davam etdiyi bir vaxtda İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlarını dayandırmayıb. Livanın Milli Xəbər Agentliyi Sur və Nəbətiyyə bölgələrində hava zərbələri, artilleriya atəşi, pilotsuz uçuş aparatlarının fəaliyyəti və partlayışlar barədə məlumat yayıb. Beyrut İsrailin işğal etdiyi ərazilərdən geri çəkilməsini tələb edir, Təl-Əviv isə bunu Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirir.
İran Prezidenti Məsud Pezeşkian HƏMAS rəhbərliyi ilə telefon danışığında Tehranın Qəzza danışıqlarında Fələstin tərəfinin qəbul edəcəyi bütün qərarları dəstəkləyəcəyini bildirib. Bu açıqlama Donald Trampın HƏMAS-ın silahsızlanmağa razılaşdığı barədə iddiasından sonra verilib. İsrail HƏMAS tam silahsızlaşdırılmadan Qəzzadan çıxmayacağını bildirir, HƏMAS isə İsrail qoşunlarının tam geri çəkilməsini əsas şərt kimi irəli sürür. Baş nazir Benyamin Netanyahu isə Trampın planını qəbul etmədiklərini açıqlayıb.
BMT bildirib ki, Livanda müharibə nəticəsində didərgin düşmüş 821 mindən çox insan evlərinə qayıtmağa başlayıb. Bununla belə, 360 mindən çox şəxs hələ də məcburi köçkün olaraq qalır və onların 26 minə yaxını dövlət sığınacaqlarında yaşayır. Məlumat Romada İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar fonunda açıqlanıb. Livanın məlumatına görə, münaqişə nəticəsində 4 300-dən çox insan həlak olub.
İsrail ordusu İordan çayının qərb sahilindəki qaçqın düşərgələrində reydləri genişləndirib. Qalandiya düşərgəsində jurnalistlərdən birinin döyüldüyü, əraziyə əlavə hərbi qüvvələrin yeridildiyi bildirilir. İsrail müdafiə naziri İsrael Kats daha bir qaçqın düşərgəsində əməliyyata başlanması barədə göstəriş verib. İsrail reydləri təhlükəsizlik tədbiri kimi təqdim etsə də, yerli sakinlər və müşahidəçilər əməliyyatların əhalini qorxutmaq və məcburi köçü təşviq etmək məqsədi daşıdığını iddia edirlər.
İran və Oman arasında Hörmüz boğazı üzrə aparılan danışıqlarda irəliləyiş əldə olunduğu bildirilir. Tehran təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasını dəstəkləsə də, boğaz üzərində nəzarətin özündə qalmasını istəyir. İran bildirir ki, ABŞ-nin bölgədəki siyasəti dəyişmədiyi və dəniz blokadası aradan qaldırılmadığı halda boğaz açılmayacaq. Tərəflər arasında nüvə proqramı, təhlükəsizlik təminatları və dondurulmuş aktivlər kimi digər mübahisəli məsələlər də qalır. Analitiklər mümkün İran–Oman razılaşmasının ABŞ–İran danışıqlarının yenidən başlamasına zəmin yarada biləcəyini qeyd edirlər.
İranın dövlət televiziyası IRIB bildirib ki, Omanla mümkün razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil. Məlumata görə, danışıqlar yalnız Tehran və Maskat arasında aparılır və ABŞ bu prosesdə iştirak etmir. İran hesab edir ki, boğazın yenidən açılması Vaşinqtonun davranışını dəyişməsindən asılıdır. İran mediası həmçinin Omanla yeni gəmiçilik marşrutu üzrə razılaşmanın yaxın olduğunu yazıb. Tehran ABŞ-ni danışıqlara müdaxilə etməkdə və prosesi ləngitməkdə ittiham edir.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrailin hücumları nəticəsində 2 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını açıqlayıb. Əvvəlki hücumlarda yaralanan daha 2 nəfər də sonradan həyatını itirib. Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bəri 1 254 nəfərin öldüyü, 4 121 nəfərin yaralandığı bildirilir. Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən indiyədək Qəzzada ümumilikdə 73 381 nəfər həlak olub, 174 231 nəfər yaralanıb.
Analitiklər Romada keçirilən İsrail–Livan danışıqlarının İsrail ordusunun əlavə geri çəkilməsi ilə nəticələnəcəyini gözləmirlər. İsrail Hizbullahın silahsızlaşdırılması və beynəlxalq yoxlama mexanizminin yaradılmasını əsas şərt kimi irəli sürür. Livan isə İsrailin işğal etdiyi 60-dan çox yaşayış məntəqəsini tərk etməsini tələb edir. Tərəflər hələ də prosesə nəzarət edəcək üçüncü tərəf barədə razılığa gələ bilməyiblər. ABŞ isə mexanizm formalaşmadan yeni geri çəkilmələrin baş verməyəcəyini bildirir.