#MÜSİAD Azərbaycan

Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti MÜSİAD Azərbaycanla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə Azərbaycan və Yaponiya arasında ticarət, investisiya, sənaye və innovasiya sahələrində əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. MÜSİAD Azərbaycan rəhbərliyi ölkənin biznes imkanları, investisiya mühiti və beynəlxalq ticarət potensialı barədə məlumat verib. ROTOBO nümayəndələri isə iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər gələcək birgə layihələrin həyata keçirilməsi və biznes dairələri arasında əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparıblar.

MÜSİAD-ın Niğde şöbəsinin nümayəndə heyəti dörd günlük işgüzar səfər çərçivəsində Azərbaycanda dövlət qurumları, biznes təşkilatları və sənaye müəssisələri ilə bir sıra görüşlər keçirib. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi olub. Nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfiri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və MÜSİAD Azərbaycan rəhbərliyi ilə görüşlər keçirib. Proqram çərçivəsində ölkənin aparıcı istehsal müəssisələri və sənaye məhəllələri ilə tanışlıq da təşkil olunub. Eyni zamanda, 50-yə yaxın yerli şirkətin iştirakı ilə keçirilən iş adamları görüşlərində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Tərəflər qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Səfər həm iqtisadi münasibətlərin inkişafına, həm də Azərbaycan ilə Türkiyə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.

Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi, 5-8 may 2026-cı il tarixlərində paytaxt Bakıda, "JW Marriott Absheron" otelində işinə başlayır. 500-dən çox nüfuzlu sahibkarın iştirak edəcəyi bu mötəbər tədbir regionun ən güclü ticari diplomatiya platformalarından biri kimi qiymətləndirilir.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə ediləcəyi Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci dövr toplantısı 22–23 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Toplantıya Türkiyə tərəfindən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cövdət Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcəklər.

Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu təşkil edilib. Tədbir SDU, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK) tərəfindən birgə təşkil olunub. Simpoziumun Baş sponsoru SİNAM şirkəti olub.

Hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.

MÜSİAD-ın təsis olunmasının 35 illik yubileyi münasibətilə təşkil olunan futbol üzrə final mərhələsi AZFAR GROUP stadionunda baş tutub. Təhsil və Mədəniyyət Komissiyasının təşkilatçılığı, “Setkaya MMC” və “Life Sport”un baş sponsorluğu, eləcə də İnam Sport və Bakı Nitq Mərkəzinin sponsorluğu ilə keçirilən yarışmada MÜSİAD Azərbaycan üzvləri mübarizə aparıblar.

MÜSİAD Azərbaycan oktyabr və noyabr aylarında təşkilatçı və tərəfdaş qismində bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsinə hazırlaşır. Təşkilatın strateji hədəflərinə uyğun olaraq, bu tədbirlər iqtisadiyyat, elm, mədəniyyət və gənclik sahələrini bir araya gətirəcək. MÜSİAD Azərbaycan-dan verilən məlumata görə, tədbirlər həm yerli, həm də beynəlxalq iştirakçılar üçün yeni əməkdaşlıqlar, bilik mübadiləsi və təşəbbüslərin əsas platforması olacaq.