#Alena Əliyeva

Azərbaycan Milli Xalça Muzeyində ART qlobal domeninin dəstəyi ilə multidissiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. "Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində "Analar üçün çiçəklər" əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək",- deyə Ə.Məlikova əlavə edib. Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: "Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur". Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. "Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək",- deyə S.Yusifova əlavə edib. Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir. Sərgi mayın 15-dək davam edəcək.

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər. Qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar. Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Martın 17-də İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın fərdi sərgisi açılıb. Açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzey fəaliyyət göstərdiyi bütün dövr ərzində daim rəssamlara dəstək olmağa çalışıb.

Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər. Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar. Onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.