#Qəzza zolağı

Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi son hesabat və BMT Baş katibinin açıqlamalarına münasibət bildirib. Nazirlik bəyan edib ki, bu sənədlər İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımçı siyasətin yaratdığı insani faciəni bir daha ortaya qoyur.

İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 61 nəfər artaraq 62 min 622-yə yüksəlib. Məlumata əsasən, İsrail ordusu 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən hücumlara başlayıb. Bu müddət ərzində 10 min 778 nəfər həlak olub, 45 min 632 nəfər yaralanıb.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə bu gün səhər təşkil etdiyi hücumlarda altısı uşaq olmaqla 21 fələstinli həlak olub. Şahidlərin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, Xan Yunisin əl-Məvəssi bölgəsində məcburi köçkünlərin yerləşdiyi çadırlar hava və artilleriya zərbələri ilə hədəf alınıb, nəticədə altısı uşaq olmaqla 16 fələstinli həyatını itirib. Şəhərin cənub-şərqindəki yardım paylama mərkəzinin yaxınlığında hücum zamanı bir fələstinli, əl-Məğazi qaçqın düşərgəsindəki evin hədəf alınması nəticəsində 3 fələstinli, Netzarim dəhlizi və Nusayrat düşərgəsində baş verən hücumlarda isə əlavə fələstinlilər yaralanıb.

İsveçrə Qəzza zolağındakı aclıq təhlükəsindən narahatdır. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib. “Aclığın daha da dərinləşməsinin qarşısını almaq üçün təcili və genişmiqyaslı müdaxilə zəruridir” - deyə, Paylaşımda qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn BMT Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı kritik vəziyyət barədə məlumat verib. Peeperkorn bildirib ki, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, avqustun 15-dən etibarən Qəzza şəhərində aclıq rəsmi olaraq təsdiqlənib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitdədir. Bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclığın təsdiqi sayılır. ÜST rəsmisi vurğulayıb ki, təkcə 2025-ci ildə qida çatışmazlığı səbəbindən 206 nəfər həyatını itirib və vəziyyət sürətlə pisləşməkdə davam edir. Peeperkorn IPC təhlilinə əsaslanaraq, 2026-cı ilin iyun ayına qədər ən azı 132 min uşaq yüksək qidalanma riski altında olacaq. Bu rəqəm, 2025-ci ilin may ayındakı IPC proqnozları ilə müqayisədə iki dəfə artmışdır.

ABŞ-ın CBS News telekanalına danışan anonim şahid İsrailin hücumlarını davam etdirdiyi Qəzzada mülki şəxslərin hədəfə alınmasında İsrail ordusundan əlavə, Amerika təhlükəsizlik podratçılarının da iştirak etdiyini iddia edib. Şahid anonim qalmaq üçün “Mayk” adından istifadə edib. Onun sözlərinə görə, əvvəlcə İsraildə yardım maşını sürücüsü kimi işə götürülüb, daha sonra ABŞ-İsrail rəhbərliyində fəaliyyət göstərən Qəzzaya Humanitar Yardım Fondunda (GHF) çalışıb. Mayk bildirib ki, yardım məntəqələri açılmadan saatlar əvvəl bölgəyə toplaşan fələstinlilər tez-tez izdiham yaşayırdılar və işə başladıqdan qısa müddət sonra mülki şəxslərin hədəfə alındığını görüb.

Qəzzadakı Hökumət Media Ofisi və Fələstin Jurnalistlər Birliyinin məlumatına görə, son iki ildə İsrailin hücumları nəticəsində 26-sı qadın olmaqla 239 jurnalist qətlə yetirilib. Onlardan 202-si 2023–2024-cü illərdə, 37-si isə 2025-ci ilin əvvəlindən avqustun 15-nə qədər öldürülüb. Bundan başqa, 480 jurnalist yaralanıb, 49-u isə saxlanılıb. İsrail ordusu həmçinin 32 jurnalistin evini birbaşa hava hücumları ilə dağıdıb. İsrail ordusunun hücumları təkcə jurnalistlərə deyil, həm də media infrastrukturuna yönəlib. Bu müddət ərzində 12 çap mediası, 23 rəqəmsal media platforması, 11 radio stansiyası, 16 televiziya kanalı, 27 çap evi, 5 peşəkar və qeyri-hökumət təşkilatı məhv edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada rəsmi olaraq aclıq elan edildiyini bəyan edərək bunu "bütün dünya üçün rüsvayçılıq" adlandırıb. Quterreş çıxışında bölgədə dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın təhlükəsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İsrailin Qəzza xalqına ərzaq və tibbi ləvazimat tədarükünə icazə verməsi həyati əhəmiyyət kəsb edir. BMT-nin son hesabatına əsasən, Qəzzada 12 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. Ərzaq böhranı nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb, təxminən 1500 hamilə və süd verən qadının isə əlavə qida təminatına ciddi ehtiyacı olduğu bildirilib.

Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.

, Əl-Əqsa Şəhidləri Xəstəxanasının mənbələrinə görə, sərbəst buraxılan şəxslər Xan Yunisin şərqindəki Kisufim keçidindən Qəzzaya daxil olub. Onların əksəriyyətinin yorğun vəziyyətdə olduğu, bəzilərində isə işgəncə izləri müşahidə edildiyi bildirilib. Məlumata əsasən, İsrail vaxtaşırı kiçik qruplar halında fələstinliləri azad etsə də, həmin şəxslərdə aclıq və ağır fiziki işgəncə əlamətləri aşkar olunur. Fələstin Əsirlər Dərnəyi daha əvvəl açıqlamışdı ki, quru hücumu başlayandan bəri İsrail minlərlə fələstinlini, o cümlədən qadınlar, uşaqlar, tibb personalı və mülki müdafiə işçilərini saxlayıb.