#Zakir İbrahimov

"AzerGold" QSC fəaliyyətinin 10 ili ərzində geoloji kəşfiyyatdan hasilata, emaldan pərakəndə satışa qədər geniş fəaliyyət sahəsi formalaşdırıb. Şirkət bu müddətdə 558 mindən çox unsiya qızıl və 1 milyondan artıq unsiya gümüş hasil edib, satışlardan isə 2,2 milyard manatdan çox gəlir əldə edib. Son on ildə iki yeni qızıl yatağı kəşf olunub, dörd qızıl mədəni istifadəyə verilib və bir sıra strateji layihələrin təməli qoyulub. Hazırda Daşkəsən dəmir filizi, Söyüdlü qızıl və Filizçay polimetal yataqları şirkətin əsas inkişaf istiqamətləri hesab olunur. "AzerGold" beynəlxalq fəaliyyətini genişləndirərək Özbəkistanda da yeni layihələrin icrasına başlayıb. Şirkət sosial məsuliyyət, ekoloji təhlükəsizlik və insan kapitalının inkişafını da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Rəhbərlik qarşıdakı illərdə yeni layihələrin ölkə iqtisadiyyatına milyardlarla dollar töhfə verəcəyini və minlərlə yeni iş yerinin yaradılacağını bildirir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib. Görüş zamanı Z.İbrahimov ortaq türk dünyasının mədəni irsinin daşıyıcıları olan Azərbaycan və Qırğız xalqları arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, həmçinin son illərdə dövlətlərarası münasibətlərin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.