2025-ci ilin payızına doğru Latın Amerikası qlobal şahmat taxtasının mərkəzinə çevrildi və əsas mübarizə meydanı Venesuela oldu. Ağ Evə revanş və “ABŞ-ın itirilmiş gücünü bərpa etmək” şüarı ilə qayıdan Donald Tramp qərb yarımkürəsində sərt iradəsini nümayiş etdirməyə üstünlük verir. Nikolas Maduronun rəhbərlik etdiyi hakimiyyəti “narkoterrorçu rejim” kimi damğalayan Vaşinqton Karib hövzəsinə hərbi gəmilər və dəniz piyadaları göndərib, Venesuela liderinin “başına” isə 50 milyon dollarlıq mükafat qoyub. Bu artıq ənənəvi təzyiq ritorikası deyil, açıq mesajdır: ABŞ hərbi gücdən istifadə etməyə hazırdır.