#İsrail Qəzza bombardmanı

İsrail, Qəzzaya humanitar yardımın çatdırılması məqsədilə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsini yenidən açıb. Yardımlar Misir tərəfdən Rəfah keçid məntəqəsi vasitəsilə gətirilərək, İsrailin nəzarətində olan Kərəm Əbu Salimdən daxil edilir. Bu proses ABŞ-ın vasitəçiliyi ilə Misir və İsrail arasında əldə olunmuş yeni razılaşmaya əsasən həyata keçirilir. Razılaşmaya görə, yardım karvanları əvvəlcə Misir tərəfdən Rəfah məntəqəsinə, oradan isə İsrailin Kərəm Əbu Salim keçid məntəqəsinə yönləndirilir. Burada İsrail rəsmiləri tərəfindən ciddi yoxlamadan keçirilən yardım yük maşınları daha sonra Qəzzaya – Zikim və Kərəm Əbu Salim keçid məntəqələri vasitəsilə buraxılır.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb. Əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzada törətdiyi insanlıq əleyhinə cinayətlərin açıq şəkildə tanınması və ifşa edilməsi “ədalətli dünya üçün atılacaq ilk addımdır”. Fidan bu fikirləri cümə günü İtaliyanın paytaxtı Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda səsləndirib. O vurğulayıb ki, Qəzza məsələsi BMT Baş Assambleyasının gündəliyində olacaq və “bu mövzu beynəlxalq ictimaiyyət üçün doğru ilə yanlışı ayırd etmə testidir”.

İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.