Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub. "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib. Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.