#həbs

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.

Böyük Britaniyada Fələstin tərəfdarı qruplardan olan “Əl-Əqsa Dostları” İsrail prezidenti İsxaq Hersoq barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib. Bu barədə təşkilatın sədri İsmayıl Patel açıqlama verib. O, Hersoqun Qəzzadakı mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunduğunu və bu səbəbdən cinayət işi prosesi başladıldığını bildirib. Patel qeyd edib ki, Baş prokurorluğa Hersoq haqqında həbs qərarı çıxarılması üçün müraciət edilib. Onun sözlərinə görə, müraciət və ittihamlar Hersoqun 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi iki açıqlamaya əsaslanır. Qəzzadakı mülki şəxslərə və obyektlərə qarşı edilən hücumlarla bağlı olan bu açıqlamaların bəzi hissələri İsrailin hərbi rəsmiləri tərəfindən dəfələrlə təkrar olunub.

Antalya Polis İdarəsinin rəisi İlker Arslan rüşvət işi ilə bağlı şəhər hakimiyyətinin qərarı əsasında saxlanılıb. Arslan özü polisə təslim olub. Onun yerinə isə idarə rəisinin müavini Murat Baz təyin edilib. İlker Arslanın adı bu ilin iyul ayında həbs edilən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekə qarşı açılmış rüşvət işi üzrə istintaq materiallarında hallanıb. Bəzi iş adamlarının ifadələrinə görə, o, bələdiyyənin keçirdiyi tenderlərdə korrupsiya sxemlərində iştirak edib. Antalya Baş Prokurorluğu Arslanın “rüşvətdə vasitəçilik, ağırlaşdırılmış dələduzluq və qanunsuz əmlak əldəetmə” maddələri ilə saxlanılması barədə order verib.

Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler barəsində yenidən həbs qərarı verilib. Məhkəmə prokurorluğun onun azadlığa buraxılması ilə bağlı qərara etirazını qəbul edib. Prokurorluq Köselerlə yanaşı Veli Gümüş, Serdar Karahan, Havva Dindar və Uğur İnci barədə də azadlığa buraxılma qərarına etiraz edərək onların həbsini tələb edib. Köselerin də aralarında olduğu, 13-ü həbsdə olmaqla ümumilikdə 26 nəfər barəsində “tenderə müdaxilə” və “cinayət məqsədilə təşkilat qurmaq, üzvlük və yardım göstərmək” ittihamları üzrə aparılan istintaqda, Köseler üçün 17 il 6 aydan 67 il 3 aya qədər həbs cəzası istənilib. Digər 25 təqsirləndirilən şəxs üçün də müxtəlif ittihamlarla fərqli müddətlərdə həbs cəzaları tələb olunub.

Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb. Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.

Paris Cinayət Məhkəməsinin İnsanlığa Qarşı Cinayətlər üzrə Bölməsi Suriyanın Hums vilayətində 2012-ci ildə baş verən hücumla bağlı qərar qəbul edib. Məhkəmə devrilmiş BƏƏS rejiminin lideri Bəşşar Əsədin də aralarında olduğu yeddi keçmiş yüksək vəzifəli şəxs barəsində həbs qərarı çıxarıb. Bildirilib ki, adıçəkilən şəxslər fransalı və xarici jurnalistlər Remi Oşlik, Edit Buvye, Meri Kolvin, Pol Konroy və tərcüməçi Vail əl-Omarın əleyhinə müharibə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.