#Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Sənəddə qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident, Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir. Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir. Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və rifah arzulayıram".

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə görüşdə Donald Tramp tərəfindən əvvəl verilmiş xatirə hədiyyəsini göstərib. Hədiyyə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması memorandumunu ehtiva edir və memorandumda ABŞ Prezidentinin Azərbaycan dövlət başçısına səmimi müraciəti yer alır.

Monteneqro Prezidenti Yakov Milatoviç Prezident İlham Əliyevə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbrik məktubu göndərib. Məktubda həm ölkələrarası dostluq və əməkdaşlıq münasibətləri, həm də gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Milatoviç ilin sonunda Azərbaycana rəsmi səfər etməyi səbirsizliklə gözlədiyini də bildirib.

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Məktubda cansağlığı, şəxsi rifah və xalqın firavanlığı üçün arzular ifadə olunub. Kral həmçinin Kamboca və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.Müraciətdə qeyd olunub: "Hörmətli tədbir iştirakçıları! Hörmətli qonaqlar, xanımlar və cənablar! Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram. Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir. Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir. Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.