Türkiyənin Alanya şəhərində meşəlik ərazidə səbəbi hələ məlum olmayan yanğın başlayıb. Küləyin təsiri ilə qısa müddətdə yayılan alovlar başqa məhəllələrinə çatıb. Hadisə ilə bağlı edilən məlumatdan sonra əraziyə Alanya Meşə Təsərrüfatı İdarəsinə bağlı çoxsaylı su maşını (arazöz), ilkin yardım vasitələri və personal, həmçinin yanğınsöndürmə, təcili yardım, jandarma, AFAD və İHH qrupları cəlb olunub. Yanğın səbəbilə Şıhlar məhəlləsindəki evlər boşaldılıb. Məhəllədə yaşayan 7 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan uzaqlaşdırılıb.
#Türkiyə meşə yanğınları 2025
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, ölkədə 2025-ci il ərzində 5 min 832 meşə yanğını ilə mübarizə aparıldığını bildirib. Nazir bildirib ki, hazırda Karabük-Kastamonu sərhədində və Kastamonunun Araç bölgəsində 2 yanğın davam edir. Nazir Yumaklı qeyd edib ki, son 24 saat ərzində 3 fərqli vilayətdə baş vermiş 3 yanğın nəzarət altına alınıb. Lakin Karabükün Eflani bölgəsindən başlayaraq Kastamonunun Araç bölgəsinə yayılan bir yanğın və elə Araç bölgəsində yaranmış digər bir yanğın hələ də davam edir. Hər iki ərazi sıx meşələrlə və çətin relyeflə — qayalıqlar və kanyonlarla — əhatə olunub. Hazırda həm havadan, həm də qurudan genişmiqyaslı müdaxilə tədbirləri görülür.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə bağlı açıqlama verib. Nazir Aydın vilayətinin Buharkent ərazisində başlayaraq Denizli vilayətinin Buldan rayonuna yayılan yanğının gücünün azaldıldığını bildirib. Onun sözlərinə görə, Bartın vilayətinin Ulus rayonundakı yanğın böyük ölçüdə nəzarət altına alınıb, Aydın vilayətinin Efeler bölgəsindəki yanğının da intensivliyi azaldılıb.
Türkiyənin Bartın vilayətinin Ulus rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb. Aşağıçerçi kəndi ərazisində başlayan yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə çox sayda yanğınsöndürən briqada və texnika cəlb olunub. Alov və tüstü geniş ərazidə təsirini göstərdiyi üçün yanğına havadan və qurudan müdaxilə edilib. Külək və ərazinin mürəkkəbliyi işləri çətinləşdirib, lakin alovun yayılmasının qarşısını almaq üçün iş texnikası ilə meşəlikdə yol açılıb.
Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb. Yanğın Bartının Ulus rayonunda baş verib. Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.
London İmperial Kollecinin World Weather Attribution qrupuna görə, iqlim dəyişikliyi Türkiyə, Yunanıstan və Kiprdə yanğın şəraitini 10 dəfə artırıb, həddindən artıq istilər və quru bitki örtüyü yanğın riskini gücləndirib. Aralıq dənizi ekosistemləri tez-tez və şiddətli yanğınlar səbəbindən tarazlığı itirir, karbon dövranı pozulur, torpaq eroziyası və su çirklənməsi riski artır. Aİ Mülki Müdafiə Mexanizmi bu yay ən böyük yanğınsöndürmə qüvvələrini səfərbər edib. Tüstü Fransa və Böyük Britaniyaya yayılıb, havanın keyfiyyətini pisləşdirib. Alimlər daha isti və quru iqlim səbəbindən gələcəkdə yanğınların artacağını xəbərdar edir və meşə idarəçiliyi ilə qalıq yanacaq istifadəsinin azaldılmasını tələb edir.
Yanğın Seferihisar bəndinin yaxınlığındakı meşəlik ərazidə səbəbi hələlik məlum olmayan şəraitdə başlayıb. Güclü küləklər alovun sürətlə yayılmasına səbəb olub. İzmir Meşə Regional Müdirliyinin məlumatına görə, yanğına qarşı 5 təyyarə, 11 helikopter, 21 su maşını, 7 su təchizatı maşını və 2 tikinti texnikası ilə müdaxilə edilir. Ümumilikdə 182 personal alovu nəzarət altına almaq üçün fasiləsiz çalışır. Qeyd edək ki, yanğın Türkiyənin son həftələrdə üzləşdiyi bir sıra meşə yanğınlarından biridir. Ölkənin digər bölgələrində, o cümlədən Aydın, Bolu və Manisada da oxşar hadisələrə qarşı mübarizə aparılır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya təyyarəsi də İzmirdəki yanğınların söndürülməsinə dəstək verir. Türkiyə hökuməti vəziyyəti nəzarətdə saxlamaq üçün bütün resursları səfərbər edib, lakin küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.
Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb. Günorta saatlarında başlayan və qısa müddətdə genişlənən yanğına Bursa Meşə Regional İdarəsinə məxsus yanğınsöndürmə maşınları, xüsusi briqadalar və helikopterlər vasitəsilə havadan müdaxilə olunub.
Türkiyənin Çorum vilayətində yanğın baş verib. Yanğın Çorum vilayətinin Çalyayla kəndindəki meşəlik ərazidə başlayıb. Çorum Valisi Ali Çalğan, aidiyyəti qurumların bölgəyə göndərildiyini bildirib. Kəndə yanğınsöndürmə və jandarma qüvvələri cəlb edilib.
Türkiyədə 2025-ci ilin yay mövsümü yüksək temperatur, aşağı rütubət və güclü küləklərlə müşayiət olunan meşə yanğınları ilə keçib. Türkiyə Meşə Baş İdarəsinin (OGM) yaydığı məlumata görə, ölkə Aralıq dənizi iqlim qurşağında yerləşən digər ölkələr kimi bu il də ciddi yanğın riski ilə üz-üzə qalıb. Rəsmi statistikaya əsasən, bu dövr ərzində Avropanın müxtəlif ölkələrində baş verən yanğınlarda 440 min hektar, Türkiyədə isə 64 min 500 hektar sahə zərər görüb. OGM rəhbəri Bekir Karacabey-in verdiyi açıqlamaya görə, 1 yanvar – 17 avqust tarixləri arasında ölkə üzrə ümumilikdə 5 min 231 yanğın qeydə alınıb. Bunlardan 2 min 239-u meşə sahələrində, 2 min 992-si isə meşəxarici ərazilərdə baş verib. Statistik göstəricilər göstərir ki, yanğınların 57 faizi məhz meşəxarici ərazilərdə başlayıb və külək, yüksək istilik səbəbindən qısa müddətdə meşəlik sahələrə yayılıb. Nəticədə 64 min 500 hektar sahə ciddi ziyan görüb.
Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.
Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Tətbiq və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü Prof. Dr. Murat Türkeş avqust ayında yüksək temperatur və quraqlığın davam etdiyini, ayın sonuna qədər yağış gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, havanın normadan isti və quru keçməsi yanğın təhlükəsini artırır.