#İsrail hava zərbələri Suriya

ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barak İsrail və Suriya rəsmiləri arasında Fransanın paytaxtı Parisdə keçirilən görüşün nəticələrini “tarixi” adlandırıb. Barak Jerusalem Post qəzetinə verdiyi müsahibədə bildirib ki, görüş hər iki ölkənin əməkdaşlığa və ortaq rifaha doğru irəliləmək istədiyini göstərir. Onun sözlərinə görə, Suriya və İsrail yeni, şəffaf və tərəfdaşlığa əsaslanan münasibət qurmağa hazırdır və bu, Tel-Əvivlə Dəməşq arasında əməkdaşlığı artıracaq.

İsrail ordusunun Suriyanın cənubundakı Kuneytra bölgəsinə bağlı Beyt Cin kəndinə təşkil etdiyi basqında, ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldüyü, baş verən toqquşmada 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib. Suriya mətbuatının verdiyi məlumata görə, kənddə bəzi sakinləri zorla saxlamağa çalışan İsrail əsgərləri ilə baş verən toqquşma zamanı ölənlərin və yaralananların sayı artıb. Basqın zamanı İsrail ordusunun helikopterlərlə əməliyyata dəstək verdiyi və kəndin bəzi bölgələrinin top atəşinə tutulduğu qeyd edilib.

İsrail Baş naziri Benyamin Netanyahu işğal altındakı Suriya torpaqlarına səfər edərək bölgədə yerləşdirilmiş İsrail əsgərləri ilə görüşüb. Səfərdə müdafiə və xarici işlər nazirləri, eləcə də İsrail ordusunun rəhbərliyi iştirak edib. Netanyahu Qolan Təpələri qarşısındakı şimal sərhədinin təhlükəsizliyinin gücləndirilməsinin prioritet olduğunu bildirib.

İsraillə əldə olunacaq istənilən razılaşma bölgədə sülhün yayılmasına töhfə verəcək . Əhməd əş-Şəraa bu fikirləri ABŞ-ın Nyu York şəhərində yerləşən Yaxın Şərq İnstitutunda iştirak etdiyi paneldə çıxışı zamanı səsləndirib. ABŞ mərkəzli X sosial media platformasında İnstitutun paylaşdığı məlumata görə, Əhməd əş-Şəraa çıxışında Suriya xarici siyasətində diplomatik fəaliyyətini sürətləndirdiyini və beynəlxalq ictimaiyyətə dönüş yolunda irəlilədiyini bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazilərinə qarşı həyata keçirdiyi hücumları pisləyib. Bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub. "Səudiyyə Ərəbistanı Krallığı İsrailin Suriya ərazisinə davamlı şəkildə həyata keçirdiyi hücumları, o cümlədən Hums və Latakiya vilayətlərində bir neçə əraziyə endirilən hava zərbələrini kəskin şəkildə pisləyir və qınayır. Nazirlik bu addımları beynəlxalq hüququn və Suriya ilə İsrail arasında 1974-cü il Ayrılma Razılaşmasının açıq-aşkar pozuntusu kimi qiymətləndirir" - deyə, bəyanatda bildirilib.

ABŞ senatorları Jeanne Shaheen, Joni Ernst və Nümayəndələr Palatasının üzvü Joe Wilson İsrailin Suriyadakı son hərbi əməliyyatlarını pisləyən birgə bəyanat dərc edib. Bəyanatda qeyd olunub ki, Suriya 14 ildən çox davam edən münaqişələrdən sonra sabitliyə və irəliləyişə ehtiyac duyur, lakin İsrailin hücumları bu məqsədə çatmağı çətinləşdirir. Konqresmenlər, xüsusilə avqustun 27-də Dəməşq çölündəki Qusvah bölgəsində 6 Suriya əsgərinin həlak olması ilə nəticələnən pilotsuz təyyarə zərbələrini və Mani dağına endirilən hava hücumlarını tənqid ediblər.

Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, hücum dünən günorta saatlarında Dəməşqin cənub-qərbindəki Qusva bölgəsində Suriya ordusunun mövqelərinə qarşı həyata keçirilib. Bundan əlavə, İsrail qüvvələrinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində 1 mülki vətəndaş həlak olub. Suriya Xarici İşlər Nazirliyi hücumları “qətiyyətlə” pisləyib və İsrailin bu addımlarını suverenliyin pozulması kimi qiymətləndirib. X platformasında yayılan fikirlər, İsrailin Suriyadakı hərbi əməliyyatlarının regionda gərginliyi artırdığını göstərir.

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib. Hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”