#Suriya

Qətərdə süd tədarükünü təmin etmək üçün inəklərin hava yolu ilə ölkəyə gətirilməsi təşəbbüsü ilə tanınan Əl-Xayyat qardaşları Suriyanın yenidən qurulması prosesində fəal iştirak edirlər. Bildirilir ki, təşəbbüslər nəqliyyat, kənd təsərrüfatı və əsas istehsal sahələrinin dirçəldilməsi, eləcə də sosial şəraitin yaxşılaşdırılması məqsədi daşıyır. Ekspertlərin fikrincə, özəl sektorun bu cür fəallığı Suriyanın bərpa prosesində mühüm rol oynaya və ölkədə iqtisadi aktivliyin canlanmasına təkan verə bilər.

Bağdadda güclü mühafizə olunan saxlanma müəssisəsində Suriyadan İraqa köçürülən minlərlə İŞİD şübhəlisi istintaqa cəlb edilib. ABŞ hərbçilərinin müşayiəti ilə Suriyanın şimal-şərqindəki həbsxanalardan 60 müxtəlif ölkənin vətəndaşı olan 5 mindən çox saxlanılan şəxs Bağdada gətirilib. Köçürülmə Suriyada vəziyyətin gərginləşməsi fonunda mümkün qaçış risklərinin qarşısını almaq məqsədi daşıyıb.

Suriya Səudiyyə Ərəbistanının Dəməşqdə keçirilən 2026-cı il Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirakını iki ölkə arasındakı əlaqələrin güclənməsinin göstəricisi kimi qiymətləndirib. Sərgi fevralın 6-dan 16-dək təşkil olunur və Səudiyyə Ərəbistanının iştirakına Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası rəhbərlik edir. Səudiyyə Ərəbistanının Dəməşqdəki səfiri Faysal əl-Mucfil sərgi çərçivəsində qurulan Səudiyyə pavilyonunu ziyarət edib. O, Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Saleh ilə görüşüb. Nazir Səudiyyə Ərəbistanının fəxri qonaq kimi dəvət edilməsini iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan mədəni münasibətlərin dərinliyinin təsdiqi kimi qiymətləndirib.

ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib. Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib. Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Ər-Riyadda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüş keçirib. Tərəflər görüş zamanı Səudiyyə Ərəbistanı və Suriya arasında qardaşlıq münasibətlərini nəzərdən keçirib, Suriyada mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Suriyanın şimal-qərb bölgəsində baş verən güclü daşqınlar insan tələfatı və ciddi fəsadlarla nəticələnib. Dövlət mediasının bazar günü verdiyi məlumata görə, təbii fəlakət iki uşağın və Suriya Qızıl Aypara Cəmiyyətinin bir könüllüsünün həyatına son qoyub. İdlib və Latakiya vilayətlərində təsirli olan leysan yağışları, xüsusilə məcburi köçkünlərin məskunlaşdığı düşərgələrdə vəziyyəti ağırlaşdırıb.

ABŞ-a məxsus hərbi qüvvələr Suriyanın şimal-şərqində, Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən hərbi bazadan tam şəkildə geri çəkilməyə hazırlaşır. Məlumata görə, geriçəkilmə prossesinin növbəti 24 saat ərzində tamamlanacağı gözlənilir. Şahidlər boş yük maşınlarının bazadakı hərbi texnikanın daşınması üçün göndərildiyini bildiriblər.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib ki, Mərvan əl-Əli, Həsəkə üzrə Daxili Təhlükəsizlik Komandanı, şəhərə giriş ərəfəsində bölmələrə konkret göstərişlər verib. O, təhlükəsizlik tapşırıqlarının əvvəlcədən təsdiqlənmiş planlar əsasında, qanunvericiliyə tam uyğun, ciddi intizam çərçivəsində icra edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ictimai asayişin qorunması, vətəndaşların, eləcə də dövlət və özəl mülkiyyətin təhlükəsizliyinin təmin olunmasının prioritet olduğu qeyd edilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barakı qəbul edib. Görüşdə Türkiyə–ABŞ münasibətləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirliyinin mənbələrinə görə, görüş Ankarada keçirilib və Suriya ilə bağlı mövcud proseslər də müzakirə mövzusu olub.

Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əş-Şəraanın Moskvada görüşəcəyi rəsmən açıqlanıb. Açıqlamaya əsasən, görüş zamanı regiondakı siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin də gündəmdə olacağı qeyd olunub. Putin və Şəraa bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Həmin səfər Bəşşar Əsəd rejiminin 2024-cü ilin sonunda sona çatmasından sonra Əhməd Şəraanın Suriya Prezidenti kimi Rusiyaya etdiyi ilk rəsmi səfər idi.