Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub. Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.
#Rusiya- Polşa münasibətləri
Polşanın şərqindəki Lukov qraflığının Osiny şəhərində qarğıdalı tarlasına düşərək partlayan obyektin Rusiyaya aid pilotsuz uçuş aparatı olduğu müəyyənləşdirilib. Polşanın PAP agentliyinin məlumatına görə, partlayış Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ancaq bəzi evlərin şüşələri sınıb. Hadisə yerində metal və plastik qalıqları aşkarlanıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlamasında “Rusiyanın təxribatı ilə qarşı-qarşıyayıq” deyib və oxşar halların Moldova, Rumıniya, Litva, Latviya və Bolqarıstanda da baş verdiyini xatırladıb. Nazir əlavə edib ki, bütün hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib və diplomatik addımlar atılacaq.