#Bakı

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,07 ABŞ dolları və ya 0,07% ucuzlaşaraq 95,50 ABŞ dollarına enib. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,32% azalaraq 65,04 dollar/barelə bərabər olub.

"Bakı Metropoliteni" QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq. Bu səbəbdən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə dəstəkləyici tədbirlər görüləcək.

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmamışdır, beləki həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır.

Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mahmud Ağrıman Bakı Türk Şəhidliyində keçirilən tədbirdə diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərin ilk səfər ünvanlarından biri məhz Azərbaycandır.

Slovakiya Prezidenti Peter Pelleqrini Füzuli Beynəlxalq Hava Limanından Bakıya yola düşüb. Füzuli aeroportunda ona Azərbaycanın beynəlxalq hava limanları barədə məlumat verilib. Slovakiya lideri Füzuli, Zəngilan və Laçın aeroportları ilə bağlı məlumat alıb. Onu Azərbaycanın rəsmi şəxsləri yola salıblar. Peter Pelleqrininin Azərbaycana səfəri çərçivəsində ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunur. Səfər Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hesab edilir.

Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bakıda keçirilən Birgə İşçi Qrupunun 3-cü iclasında iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər teatr, muzey, kitabxana, kino, mədəni irsin qorunması və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Gürcüstanı ortaq tarix və zəngin mədəni irsin birləşdirdiyi qeyd olunub. Görüşdə mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mədəni əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. İclasın sonunda əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan protokol imzalanıb.