#Aviasiya sektoru

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.

Türk Hava Yollarının (THY) təyyarələri son 12 ayda 36 ölkədə 61 hava limanında aparılan 89 təhlükəsizlik yoxlamasından uğurla çıxıb. THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabında bildirib ki, SAFA proqramı çərçivəsində yoxlamalar zamanı 0,378 nisbətində “yoxluq göstəricisi” qeydə alınıb və bu, yüksək nəticə sayılır. Onun sözlərinə görə, sərnişinlərin rahat və təhlükəsiz uçuşu üçün bütün qaydalara ciddi şəkildə əməl olunur. Qeyd edək ki, SAFA (“Xarici təyyarələrin təhlükəsizliyinin qiymətləndirilməsi”) Avropa Birliyi ölkələrində tətbiq olunan proqramdır və beynəlxalq uçuş təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədi daşıyır. Yoxlamalar təyyarələrin texniki vəziyyəti, kokpit və kabinə standartları, həmçinin sərnişinlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı tələbləri əhatə edir.

Türkiyə ilə Çin arasında imzalanan mülki aviasiya anlaşması çərçivəsində iki ölkə arasında həftəlik reyslərin sayı 21-dən 49-a qaldırılıb. Bu qərarın ardından THY Pekin, Şanxay və Quançjou istiqamətlərində mövcud 21 reysə əlavə 10 uçuş tezliyi əlavə edəcək. THY baş direktoru Bilal Ekşi sosial media paylaşımında 26 oktyabr 2025-ci ildən etibarən yeni tezliklərin həyata keçiriləcəyini bildirib.

Lufthansa sərmayə qoymamaq qərarını rəsmən açıqlayıb. Bu addım ilə THY Air Europa səhmləri üçün yeganə ciddi potensial alıcı olaraq qalır. İspaniya və Latın Amerikası bazarlarında güclənmək istəyən türk aviaşirkəti üçün bu, böyük fürsət yaratmış olur. Əvvəl Fransa-Hollandiya müştərək müəssisəsi Air France-KLM də Air Europa payından imtina etmiş, Britaniyanın IAG qrupu isə tam ələ keçirmək üçün lazımi təsdiqi ala bilməmişdi. Air Europa-nın Latın Amerikada 19 istiqamətə uçuşları var və THY bu tərəfdaşlıqla həm Pireney yarımadasında, həm də Cənubi Amerikada mövqeyini gücləndirəcək.

Əlcəzairin şərqində yerləşən Cicel şəhərində Mülki Müdafiəyə məxsus kiçik tipli kəşfiyyat təyyarəsi Ferhat Abbas hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, təlimatçı pilot Süheyb Qalayi və Air Tractor şirkətindən Çili vətəndaşı olmaqla ümumilikdə 4 nəfər həlak olub.