ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.
#BMT Baş Assambleyası
İran xarici işlər naziri Abbas Əraqçi ilə Oman xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər. Əsas mövzulardan biri Qəzzadakı müharibə olub. Əraqçi İsrailin bölgədə həyata keçirdiyi “soyqırımın” dayandırılmasının və İsrail rəsmilərinin ədalət qarşısında cavab verməsinin zəruriliyini vurğulayıb.
22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramov Nyu-Yorkda 80-ci BMT Baş Assambleyasının çərçivəsində Almaniya xarici işlər naziri ilə görüşüb.Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən tarixi Vaşinqton sammiti, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
İran Prezidenti Məsud Pezeşkian sabah Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Səfərdən öncə, sentyabrın 23-də Prezident Pezeşkian İranın yeni tədris ilinin başlanması münasibətilə Tehranda keçiriləcək tədbirdə iştirak edəcək. Nyu-Yorkda dövlət başçısı sentyabrın 24-də səhər saatlarında BMT Baş Assambleyasının iclasında çıxış edəcək. Səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin dövlət başçıları, BMT Baş katibi, bəzi dairələrin rəhbərləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşlər keçirəcək.
Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bazar günü Nyu-Yorkda verdiyi açıqlamada, hökumətin Fələstini dövlət olaraq tanıdığını bildirib. Rangel bu addımın, “qalıcı sülh üçün yeganə həll yolunun iki dövlətli həll olduğu” vizyonunu dəstəklədiyini vurğuladı.
Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazir Məhəmməd bin Salman və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Fələstin məsələsinin sülh yolu ilə həllinə dair keçirilən beynəlxalq yüksək səviyyəli konfransın nəticələrini müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 15-ci dəfə iclasında çıxış edəcək. Onun nitqinin əsas mövzuları arasında İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq ictimaiyyətin İsrailə qarşı atacağı addımlar olacaq. Ərdoğan BMT Baş Assambleyasına ilk dəfə 2005-ci ildə, baş nazir vəzifəsində olarkən qatılıb. 60-cı Baş Assambleyada çıxışı zamanı BMT-nin daha demokratik, şəffaf və bütün üzvlərin ortaq iradəsini təmsil edən bir quruma çevrilməsinin zəruriliyini vurğulayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21–23 sentyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək. O, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək. Rəsmi məlumata görə, Tokayev səfər çərçivəsində bir sıra dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçirəcək.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.
Suriya Xarici İşlər Nazirliyi prezident Əhməd əl-Şəraanın sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak edəcəyini və çıxış edəcəyini rəsmi olaraq təsdiqləyib. Bu, 1967-ci ildən bəri bir Suriya prezidentinin BMT Baş Assambleyasında çıxış edəcəyi ilk hadisə kimi tarixə düşəcək. Nazirlik tərəfindən yayımlanan bəyanatda Şəraanın sessiyada Suriyanın mövqeyini və regional məsələlərə dair baxışlarını dünya ictimaiyyəti ilə paylaşacağı vurğulanıb. Onun çıxışı, Suriyanın son illərdəki siyasi və sosial dəyişiklikləri fonunda beynəlxalq arenada diqqət çəkəcək bir hadisə kimi qiymətləndirilir.