#Müdafiə sənayesində yerli istehsal

Türk müdafiə sənayesinin ən mühüm layihələrindən sayılan KAAN qırıcı təyyarəsi və GÖKBEY helikopteri Səudiyyə Ərəbistanının diqqət mərkəzindədir. Masadakı ən maraqlı variantlardan biri hər iki platformanın Səudiyyə Ərəbistanında istehsalı üçün orada xüsusi istehsal xəttinin qurulmasıdır. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə sürətlənən hərbi əməkdaşlığın TUSAŞ-ın vasitəçiliyi ilə daha yüksək səviyyəyə qalxacağı gözlənilir.

Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.

Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb. Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.

Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Başçısı (SSB) Haluk Görgün bildirib ki, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı bu il 8,5 milyard dollara çatıb. İstanbul Sənaye Palatası (İSO) və SAHA İstanbul tərəfindən təşkil olunan və Türkiyənin milli və yerli müdafiə sənayesinə töhfə verməyi hədəfləyən “Müdafiə Sənayesi Görüşləri” tədbiri bu il yeddinci dəfə keçirilib. Zirvədə sektorun müxtəlif sahələrindən nümayəndələr iştirak edib.

Oğul Bey bölgənin ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən biri olacaq. Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “ASELSAN-a məxsus ümumi dəyəri 280 milyon dollar olan 14 mühüm obyektin rəsmi açılışını etdik. Eyni zamanda, 900 futbol meydançasından daha böyük bir ərazidə, bir milyard yarım dollarlıq sərmayə ilə inşa edilən Oğul Bey Texnologiya Mərkəzinin təməlini qoyduq. Bu strateji layihə tamamlandıqda, bölgənin ən müasir müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək”, – deyə dövlət başçısı bildirib.

Müdafiə qabiliyyətimiz Türkiyənin təhlükəsizliyi üçün əsas amildir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ASELSAN-ın Gölbaşı kompleksində keçirilən tədbirdə çıxış edərkən deyib. “Son illər hava hücumundan müdafiə sistemlərinin nə qədər önəmli olduğunu görürük. Öz müdafiə sistemini inkişaf etdirməyən heç bir ölkə gələcəyinə inamla baxa bilməz. Müdafiə qabiliyyətimiz ölkənin təhlükəsizliyi üçün əsas faktordur” – deyə, o vurğulayıb.

Şirkət İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlama verərək, hava hücumundan müdafiə sistemlərinin birbaşa satışı üçün 78,5 milyon dollarlıq müqavilə bağlandığını bildirib. Qeyd edək ki, ASELSAN Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biridir və bu kimi ixrac müqavilələri şirkətin beynəlxalq mövqeyini daha da gücləndirir.