İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.
#Dohada görüş
Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.
Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.
İran xarici işlər naziri Seyyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın mesajını Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib. Tərəflər xüsusilə Fələstindəki vəziyyətə diqqət çəkərək, işğal olunmuş ərazilərdə İsrail rejiminin davam edən soyqırımının dayandırılması üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin qətiyyətli addımlar atmasının zəruriliyini vurğulayıblar.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada səfərdədir. Səfər çərçivəsində Fidan, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul olunub. Görüşdə iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.
Qəzzada atəşkəs danışıqları iflas ərəfəsində – tərəflər qarşılıqlı ittihamlarla çıxış edir.