#Qərbi Azərbaycan İcması

Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib. Tədbir “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi və etnoqrafiyası sərgilərdə nümayiş etdirilib. Çıxışlarda milli yaddaşın qorunması və qayıdış konsepsiyası vurğulanıb. Tədbirdə konsert proqramı və mədəni çıxışlar təqdim olunub. Festival xatirə şəkilləri ilə yekunlaşıb.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimləri çərçivəsində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və üzvləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini dağıdaraq dinc əhaliyə qarşı kütləvi qırğın törədib.

QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Qərbi Azərbaycan İcmasının 2022-ci ildə təsis olunması dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür və soydaşlarımızın doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, QMİ beynəlxalq platformalarda Qərbi Azərbaycanla bağlı həqiqətləri mütəmadi olaraq gündəmə gətirir və dini-mənəvi irsin qorunması məsələsini daim diqqətdə saxlayır.

Görüşdə İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş Komissiyasının və Allahverdi İcmasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov, Nərimanov rayon nümayəndəliyinin və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, tədqiqatçı-alim Səbuhi Hüseynov, Qadınlar Şurasının üzvü, ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova və mətbuat katibi Lamiyə Əhmədova İcmanı təmsil ediblər.

12 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi var.

Qərbi Azərbaycan İcması ABŞ prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.

3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib.