Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas – Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub. Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir

Pakistanın informasiya naziri Ataullah Tarar Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə rəsmi İslamabadın bölgədəki hərbi eskalasiya ilə bağlı mövqeyini açıqlayıb. Nazir Pakistanın regionda sülhün tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, : "Pakistan gərginliyin azaldılmasına töhfə vermək istəyir. İrana qarşı həyata keçirilən hərbi hücumları pisləyirik və eyni zamanda Körfəz ölkələri ilə həmrəy olduğumuzu ifadə edirik." O, tərəfləri hərbi əməliyyatları dayandırmağa və gərginliyi azaltmağa çağırıb.

Martın 17-də İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı. Bu barədə İTV-nin yayımladığı reportajda bildirilib. Sujetdə bildirilib ki, 2026-cı ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Vurğulanıb ki, bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışıb. Xarici ölkədə olan bu şəxs əlində olan görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edib.

Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın fərdi sərgisi açılıb. Açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzey fəaliyyət göstərdiyi bütün dövr ərzində daim rəssamlara dəstək olmağa çalışıb.