BAKI,VOA Orxan Qədirzadə
Böyük Britaniyada ifrat sağçı qrupların müsəlman icmasına qarşı təzyiqləri yenidən gündəmə gəlib. “Britain First” adlı ifrat sağçı qruplaşmanın üzvləri əvvəlcə Londonun şərqində fəaliyyət göstərən İslam Şəriət Şurasına, daha sonra isə halal ət kəsimi müəssisəsinə daxil olaraq çəkiliş aparıb və müsəlmanların dini praktikasını hədəf alan ifadələr səsləndirib.
Hadisələr iyulun 30-da Londonun Leyton bölgəsində və Romfordda baş verib.
Şəriət Şurasına müdaxilə
“Britain First” qruplaşmasının dörd üzvü Leytonda fəaliyyət göstərən Şəriət Şurasının ofisinə daxil olaraq müxtəlif otaqlarda çəkiliş aparıb. Qruplaşma üzvlərinin yüksək səslə etiraz etdiyi, qurumun fəaliyyətini sorğuladığı bildirilib.
Şuranın rəhbəri Xoula Həsən onlara qurumun ayrıca hüquq sistemi olmadığını izah etməyə çalışıb. Onun sözlərinə görə, Şəriət Şurası müsəlmanlar arasında ailə, boşanma və vərəsəlik kimi müəyyən məsələlər üzrə məsləhət və vasitəçilik xidməti göstərir.
Həsən hadisədən sonra böyük qorxu yaşadığını bildirib. O, qruplaşma üzvlərinin ofisi dağıda və ya ona hücum edə biləcəyindən narahat olduğunu deyib.
Halal ət müəssisəsi də hədəf oldu
Qrup daha sonra Romfordda yerləşən halal ət kəsimi müəssisəsinə gedib. Burada işçiləri, müştəriləri, heyvanların saxlanıldığı və ətlərin qorunduğu sahələri lentə alıblar.
Çəkiliş zamanı İslam qaydalarına uyğun heyvan kəsimi üsulu tənqid edilib və bu praktika “barbarlıq” və “iyrənc” kimi təqdim olunaraq halal kəsimin qadağan edilməsinə çağırışlar səsləndirilib.
Britaniyanın müsəlman təşkilatları hadisələri ölkədə müsəlmanlara qarşı artan düşmənçilik atmosferinin bir hissəsi kimi qiymətləndirib.
“Şəriət məhkəmələri” iddiasına etiraz
Britaniya İslam Şurasının baş katibinin müavini Mustafa Dabbağ bildirib ki, müsəlmanların fəaliyyət göstərdiyi şəriət şuraları ilə bağlı yayılan bəzi iddialar reallığı əks etdirmir.
Onun sözlərinə görə, bu qurumların fəaliyyəti müsəlmanlar arasında müəyyən mülki məsələlərin həllinə kömək göstərməklə məhdudlaşır.
Dabbağ ifrat sağçı qrupların şəriət şuralarını “paralel hüquq sistemi” kimi təqdim etməsini yanlış məlumatlandırma kimi qiymətləndirib.
O, hadisələri müsəlmanlara və miqrantlara qarşı nifrət ritorikasının genişlənməsi fonunda baş verən hücumlar kimi xarakterizə edib.
Müsəlman təşkilatlarından hökumətə çağırış
Dabbağ Britaniya hökumətini müsəlman icmaları ilə daha sıx əməkdaşlıq etməyə çağırıb. O bildirib ki, yalnız hadisələr baş verdikdən sonra onları pisləmək müsəlman icmalarının təhlükəsizliyini təmin etmək üçün kifayət deyil.
Britaniyalı deputat Əfzəl Xan da islamofobiyaya qarşı daha ciddi tədbirlərin görülməsini istəyib. O, müsəlmanlara qarşı nifrət cinayətlərinin izlənməsi üçün xüsusi məsul şəxsin təyin edilməsi və bu sahədə monitorinq mexanizmlərinin gücləndirilməsi ilə bağlı təklifləri dəstəkləyib.
Xanın sözlərinə görə, ölkədəki müsəlman təşkilatları ilə hökumət arasında daha effektiv dialoq qurulmalıdır.
Nifrət cinayətlərinin 45 faizi müsəlmanlara qarşıdır
Britaniya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər qeydə alınan dini motivli nifrət cinayətlərinin qurbanlarının təxminən 45 faizini müsəlmanlar təşkil edib.
Mütəxəssislər və müsəlman icmasının nümayəndələri isə bir sıra hadisələrin hüquq-mühafizə orqanlarına bildirilmədiyini və real göstəricinin daha yüksək ola biləcəyini bildirirlər.
Britaniyada müsəlmanlara qarşı nifrət ritorikasının artması fonunda icma nümayəndələri hökumətdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, nifrət cinayətlərinin daha effektiv araşdırılmasını və islamofobiyanın qarşısının alınması üçün sistemli siyasət həyata keçirilməsini tələb edirlər.