BAKI,VOA, Orxan Qədirzadə
Polşa Yepiskopları Konfransı ölkəyə qarşı yarana biləcək silahlı münaqişə və ya təbii fəlakət ehtimallarını nəzərə alaraq, kilsə prixodlarının fövqəladə yardım mərkəzləri kimi fəaliyyət göstərməsi üçün xüsusi fəaliyyət planı hazırlayır.
VOA xəbər verir ki, Polşa Yepiskopları Konfransının sədri, arxiyepiskop Tadeuş Voyda "Polşa Press Agentliyi"nə verdiyi müsahibədə bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və İran ətrafındakı gərginlik fonunda müharibənin Polşa ərazilərinə keçməsi qorxusu mövcuddur. Onun sözlərinə görə, kilsə bu hadisələri passiv şəkildə gözləmək niyyətində deyil və hökumətlə sıx əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlayıb.
Hökumətlə əldə olunan razılığa əsasən, hər hansı böhran vəziyyətində dövlət kilsə prixodlarını elektrik generatorları, su ehtiyatları, dərman vasitələri və gigiyena məhsulları ilə təmin edəcək. Daxili İşlər Nazirliyi kilsəni "yerli təhlükəsizliyi gücləndirən mühüm sütun" kimi xarakterizə edərək, dövlət və kilsənin fəlakətlər zamanı insanlara kömək üçün birgə fəaliyyət göstərəcəyini təsdiqləyib.
Yepiskoplar Konfransının sözçüsü Leşek Qensyakın məlumatına görə, böhran vəziyyətinə hazırlıq və təhlükəsizlik prosedurlarını işləyib hazırlamaq üçün ekspert qrupu yaradılıb. Bu qrup qaçqınlara yardım, humanitar dəhlizlərin təşkili, kilsə şəbəkəsi vasitəsilə qida və su paylanması, eləcə də kilsə binalarının ilk tibbi yardım nöqtələri kimi istifadə olunması istiqamətində işlər aparır. Həmçinin tarixi abidələrin təxliyəsi və qorunması da plana daxildir.
Arxiyepiskop Voyda qeyd edib ki, Polşa xalqı hər hansı böhran anında ilk növbədə bələdiyyə idarələrinə deyil, məhz kilsəyə müraciət edir. Hazırda bir çox bölgələrdə keşişlər üçün xüsusi seminarlar və təlimlər keçirilir. Bu əməkdaşlıq Polşada artıq sınaqdan keçirilmiş təcrübəyə əsaslanır; Ukraynadan gələn qaçqınlara yardım və 2024-cü il sel fəlakəti zamanı göstərilən dəstək kilsənin böhran idarəetməsindəki rolunu sübut edib.