BAKI, AzerVoice
İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rızayi, Tehran ilə Təl-Əviv arasında artan gərginlik fonunda diqqətçəkən açıqlamalar verib.
AzerVoice xəbər verir ki, İran mediasına danışan Rızayi bildirib ki, mümkün ABŞ hücumuna qarşı ölkənin nüvə infrastrukturu qorunur. O, ABŞ-ın müharibənin əvvəlindən bəri əsas hədəf hesab etdiyi Fordo Nüvə Obyekti ilə bağlı mesaj verərək “ABŞ-ın edə biləcəyi ən böyük iş Fordo obyektini hədəfə almaqdır, amma oranı belə bombalarla deşmək mümkün deyil”. - deyə Rızayi qeyd edib.
Rızayi, İranın nüvə proqramının təhlükəsiz bölgələrdə davam etdiyini qeyd edərək əlavə edib: “Bütün uran ehtiyatı hazırda bizim nəzarətimizdədir. Heç bir itki yoxdur”. O, İsrailin son hücumlarında hədəf aldığını düşündükləri nüvə obyektlərindəki bütün maddələrin əvvəlcədən təxliyə edildiyini də bildirib.
Mümkün müharibə ehtimalına da toxunan sabiq komandan vurğulayıb ki, bu ssenarini artıq mart ayından proqnozlaşdırırdılar: “Bu müharibənin başlayacağını mart ayından bilirdik. Hazır idik”. Bu açıqlamalar, İranın hərbi cavablarının öncədən hazırlanmış bir strategiyaya əsaslandığı ehtimalını gündəmə gətirib.