Bakı. AzerVoice:
7 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri bir çox baxımdan önəmlidir. Bunlardan ən vacibi odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib və bu torpaqlarda ilk dəfə seçkilər keçiriləcək.
Bu barədə AzerVoice-un suallarını cavablayarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev deyib.
O qeyd edib ki, azad edilən ərazilərdə seçkilər keçirmək bu regionda siyasi aktivliyin artması, bəzi dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi deməkdir.
"Daha əvvəlki dövrlərdə biz orada yenidənqurma işləri həyata keçirdik. Azad edilən ərazilərdə daha çox inşaat və nəqliyyat işləri həyata keçirildi. Əlbəttə ki, bundan başqa, Azərbaycanın regional və qlobal səviyyədə həyata keçirmək istədiyi layihələri var. Bəzi layihələr var ki, Azərbaycanda davam etdiriləcək. Məsələn, COP29 kimi.
Bu proseslərin uğurlu şəkildə davam etdirilməsi baxımından bu seçkilər və nəticələri olduqca önəmlidir. Azərbaycanın artan geosiyasi ağırlığı, Ermənistanla davam edən normallaşma prossesi, Türk dünyası çərçivəsində davam edən inteqrasiya prosesləri - bütün bunlar Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin əhəmiyyəti baxımından önəmlidir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri fevralın 7-nə təyin edilib.