BAKI, VOA
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,8 ABŞ dolları və ya 0,87 faiz artaraq bir barel üçün 92,31 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,89 ABŞ dolları və ya 1,01 faiz artaraq 89,00 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,65 ABŞ dolları və ya 1,01 faiz artaraq bir barel üçün 64,97 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,69 ABŞ dolları və ya 0,78 faiz artaraq bir barel üçün 89,22 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 83 dollara yaxınlaşıb. Bildirilib ki, treyderlər Yaxın Şərqdəki vəziyyəti və Hörmüz boğazının yenidən açılması ilə bağlı səyləri izləməyə davam edərkən, neft əvvəlki sessiyada əldə etdiyi artımın bir hissəsini itirib.
Vurğulanıb ki, “Goldman Sachs” bildirib ki, Hörmüz boğazından keçən neft axınının artması fonunda Fars körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyənin təxminən üçdə ikisinə qədər bərpa olunub.
"Məlumata görə, regiondan ümumi xam neft ixracı sutkada 15-16 milyon barelə yüksəlib. Bu göstərici münaqişədən əvvəlki səviyyədən hələ də 7-8 milyon barel aşağı olsa da, mart ayında qeydə alınan 5-6 milyon barellik minimum səviyyədən xeyli yüksəkdir.
Bundan başqa, İran və Oman strateji su yolu üzrə gəlirlərin bölüşdürülməsinə dair razılaşma əldə edib. Lakin Tehran bildirib ki, bu razılaşma boğazın dərhal açılacağına zəmanət vermir.
Bu arada, Tramp administrasiyası vasitəçilərə bildirib ki, iyun ayında İranla əldə olunan və sonradan qüvvədən düşən ilkin razılaşmanın şərtlərinə qayıtmaqda maraqlı deyil", - məlumatda qeyd edilib.