BAKI, VOA, Orxan Qədirzadə
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresdən İranla davam edən genişmiqyaslı müharibəni maliyyələşdirmək üçün əlavə 200 milyard dollar vəsait tələb edib.
VOA xəbər verir ki, Müdafiə naziri Pit Heqset bu hərbi münaqişənin başa çatması üçün hər hansı bir "zaman çərçivəsi"nin olmadığını bəyan edib.
Cümə axşamı keçirilən mətbuat konfransında çıxış edən Heqset 200 milyardlıq rəqəmin dəyişə biləcəyinə işarə edib: "Pis adamları öldürmək pul tələb edir. Biz Konqresə müraciət edirik ki, görülən işlər və gələcəkdə atılacaq addımlar üçün lazımi səviyyədə maliyyələşək".
Nazir müharibənin nə vaxt bitəcəyinə yalnız Prezident Donald Trampın qərar verəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ ordusu indiyədək İran daxilində 7000-dən çox hədəfə zərbə endirib və bu gün "ən böyük hava hücumu paketi" tətbiq olunacaq.
ABŞ-ın ən yüksək rütbəli hərbçisi, general Den Keyn əməliyyatların detallarını açıqlayıb. O bildirib ki, A-10 Warthog təyyarələri İranın bağladığı Hörmüz boğazında sürətli hücum katerlərini "ovlayır". İraqda isə AH-64 Apache helikopterləri İranpərəst qruplaşmalara və kamikadze dronlara qarşı intensiv şəkildə istifadə olunur.
Prezident Tramp isə büdcə artımını müdafiə edərək, sursat çatışmazlığında Co Bayden administrasiyasını və Ukraynaya verilən yardımları ittiham edib: "Sursatımız çox idi, lakin Ukraynaya verilən yardımlar ehtiyatlarımızı azaltdı. İndi bizə nəhəng miqdarda sursat lazımdır".