BAKI,VOA Orxan Qədirzadə
Misir neft və qaz yataqlarının kəşfiyyatı üçün 14 yeni ərazi üzrə beynəlxalq tender elan edib. Ölkənin Neft və Mineral Sərvətlər naziri Kərim Bədəvi tenderin xarici və yerli şirkətlərə açıq olduğunu bildirib.
Tenderə Aralıq dənizi, Nil deltası və Şimali Sinayda yerləşən 8 ərazi, Süveyş körfəzi, Sinay və Qərbi səhrada yerləşən daha 6 ərazi daxildir.
Nazir bildirib ki, əsas məqsəd yeni investisiyalar cəlb etməklə yerli neft və qaz hasilatını artırmaqdır. Ərazilərin bir hissəsinin mövcud yataqlar və boru kəmərləri, emal və ixrac infrastrukturlarına yaxın yerləşməsi hasilata keçidi sürətləndirə və xərcləri azalda bilər.
Misir hökuməti 2026-cı ildə kəşfiyyat və hasilat fəaliyyətlərini təxminən 20 faiz artırmağı planlaşdırır. Qərbi səhrada yerləşən Meliha qaz stansiyasının isə sentyabrda gündəlik təxminən 100 milyon kubfut qaz hasilatı ilə fəaliyyətə başlaması nəzərdə tutulur.