BAKI,VOA, Orxan Qədirzadə
Türkiyədə 2026-cı ilin mart ayında 159 min 931 ədəd nəqliyyat vasitəsi qeydiyyata alınıb.
VOA xəbər verir ki, yeni qeydiyyatlarda avtomobillər və motosikletlər əsas paya sahib olub.
Məlumata görə, mart ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin 50,2 faizini avtomobillər, 34,8 faizini motosikletlər, 10,1 faizini furqonlar, 1,7 faizini yük maşınları, 1,6 faizini traktorlər, 1 faizini mikroavtobuslar, 0,5 faizini avtobuslar və 0,1 faizini xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
Ötən aya nisbətən qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 31,3 faiz artıb. Ən yüksək artım motosikletlərdə 51 faiz, avtomobillərdə 27,2 faiz, traktorlarda 19,3 faiz və mikroavtobuslarda 17,7 faiz qeydə alınıb. Eyni zamanda yük maşınları və xüsusi təyinatlı nəqliyyat vasitələrində azalma müşahidə olunub.
2025-in mart ayı ilə müqayisədə isə qeydiyyatda 18,3 faiz azalma baş verib. Bu dövrdə ən böyük azalma traktorlarda, xüsusi təyinatlı nəqliyyat vasitələrində və yük maşınlarda qeydə alınıb.
Mart ayının sonuna olan məlumata əsasən, Türkiyədə qeydiyyatda olan ümumi nəqliyyat vasitələrinin sayı 34 milyon 23 min 986 olub. Bunların 51,8 faizini avtomobillər, 21,2 faizini motosikletlər və 14,6 faizini furqonlar təşkil edir.
Mart ayında həmçinin 870 min 992 nəqliyyat vasitəsinin mülkiyyət dəyişməsi həyata keçirilib. Bu əməliyyatlarda avtomobillər 68,6 faizlə birinci yerdə qərarlaşıb.
Avtomobil markaları üzrə mart ayında ən çox qeydiyyat 15,5 faizlə Renault-a məxsus olub. Onu Toyota, Peugeot, Volkswagen, Hyundai və digər markalar izləyib. Yerli istehsal olan TOGG-un payı isə 5,9 faiz təşkil edib.
Yanvar–mart dövründə isə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 14,4 faiz azalaraq 426 min 342 olub. Eyni dövrdə qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin sayı isə 23,1 faiz artıb.
Mütəxəssislər bildirirlər ki, təqdim olunan rəqəmlər Türkiyə avtomobil bazarında dalğalı tendensiyanı, eyni zamanda elektrik və hibrid avtomobillərin payının artdığını göstərir.