Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Ərəb müğənniləri
    Ərəb müğənniləri

    Rəşid Taha – Rok, pank və rai musiqisinin üsyankar siması

    6 İyul 2026 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəşid Taha – Rok, pank və rai musiqisinin üsyankar siması
    Facebook Twitter LinkedIn Pinterest Email

    Rəşid Taha (18 sentyabr 1958 – 12 sentyabr 2018) — Fransada məskunlaşmış, musiqidəki cəsarətli eksperimentləri və aktivist fəaliyyəti ilə tanınan əlcəzairli sənətçidir. Onun yaradıcılığı rok, elektronika, pank və rai kimi fərqli üslubların sintezindən formalaşmışdır. Taha 18 sentyabr 1958-ci ildə Əlcəzairin Maskara vilayətinin Siq şəhərində anadan olub (digər mənbələrdə doğum yeri kimi Oran şəhəri göstərilir). Oran şəhəri “rai” musiqisinin beşiyi hesab olunur. Tahanın doğulduğu il həm də Əlcəzairin Fransa müstəmləkəçiliyinə qarşı müstəqillik mübarizəsinin ən qızğın dövrünə təsadüf edir. O, 1960-cı illərdə Əlcəzairin “şaabi” adlanan küçə üslublu musiqilərini və Məğrib bölgəsinin zəngin melodiyalarını dinləyərək böyümüşdür.

    1968-ci ildə, 10 yaşında olarkən valideynləri ilə birlikdə Fransanın Lion şəhəri yaxınlığındakı mühacir məhəlləsinə köçüb. Atası toxuculuq fabrikində ağır şərtlərlə və az maaşla çalışan bir fəhlə idi. 17 yaşında Taha gündüzlər isitmə zavodunda ağır işlərdə çalışsa da, gecələr klublarda DJ-lik edir, ərəb musiqisindən repə, salsa və fanka qədər geniş repertuarla çıxış edirdi.

    1970-ci illərin sonunda o, “The Rejects” (və ya “Les Refoulés”) adlı gecə klubunu açaraq, burada Led Zeppelin və Kraftwerk kimi qrupların ritmləri ilə ərəb pop klassiklərini miks etməyə başladı.

    Rai musiqisinin kökləri

    Taha əlcəzairli gənclərin öz qəzəb və arzularını ifadə etmək üçün istifadə etdikləri rai musiqisinin rok ilə sıx bağlı olduğunu düşünürdü. O, Mərakeşin “Nass El Ghiwane” qrupunun yaradıcılığından dərindən təsirlənmişdi.

    Carte de Séjour qrupu

    1981-ci ildə Lionda Məhəmməd və Muxtar Amini ilə tanış olan Taha, tezliklə “Carte de Séjour” (Yaşayış icazəsi) adlı rok qrupunu qurdu. Qrupun adı Fransadakı mühacirlərin statusuna işarə edirdi. Taha məşhur “The Clash” qrupundan ilham alırdı. 1981-ci ildə Parisdə bu qrupun üzvləri ilə qarşılaşan Taha onlara öz demo kasetini təqdim etmişdi. Təsadüfi deyil ki, bir neçə ay sonra “The Clash“ın məşhur “Rock the Casbah” hiti işıq üzü gördü. Taha zarafatla deyirdi ki, bəlkə də onlar həqiqətən mənim musiqimi dinləmişdilər.

    Müvəffəqiyyətinə baxmayaraq, o illər çətin keçirdi; mağazalar “ərəblərin dükana doluşmasını istəmədikləri üçün” onların albomlarını satmaqdan imtina edirdilər. Taha 1940-cı illərin məşhur vətənpərvər fransız mahnısı “Douce France“ı (Şirin Fransa) kəskin bir kinayə ilə oxuyaraq mühacirlərə qarşı münasibətə etiraz etdi. Bu səbəbdən mahnı Fransa radiolarında qadağan olunsa da, ona böyük populyarlıq qazandırdı.

    1989-cu ildə solo karyera üçün Parisə köçən Taha, Stiv Hillic (Steve Hillage) ilə işbirliyinə başladı. 1990-cı illərdə çıxardığı albomlarda Şimali Afrika kökləri ilə müasir klub musiqisini birləşdirdi. 1997-ci ildə “Ya Rayah” mahnısı ilə dünya hit-paradlarını fəth etdi.

    2001-ci ildə “Made in Medina” albomunu Yeni Orlean, London və Parisdə yazdırdı. O, Yeni Orlean ilə Əlcəzair arasında oxşarlıqlar görürdü. Musiqisindəki siyasi motivlər və demokratik dəyişiklik tələbləri onu dünya miqyasında “üsyankar sənətçi” kimi tanıtdı. 2004-cü ildə “Tékitoi” (Sən kimsən?) albomu ilə böyük uğur qazandı və “The Clash”ın “Rock the Casbah” mahnısını ərəbcə “Rock El Casbah” kimi ifa etdi.

    Taha karyerası boyu Karlos Santana, Robert Plant, Patti Smit və Brayan Eno kimi dünya ulduzları ilə eyni səhnəni paylaşıb. Onun mahnıları “Black Hawk Down” kimi məşhur Hollivud filmlərində və “Far Cry 2” kimi kompüter oyunlarında səslənib.

    Rəşid Taha səmimi, gülərüz və macəraçı ruhlu bir insan kimi tanınırdı. O, mühacir məhəllələrinə qapanmağın əleyhinə idi və fərqli mədəniyyətlərin qovuşmasını müdafiə edirdi. 1987-ci ildə ona “Arnold-Kiari malformasiyası” diaqnozu qoyulmuşdu. Səhnədə müvazinətini itirdiyi üçün bəzən onu sərxoş hesab edirdilər, lakin o, bunun xəstəliyin simptomları olduğunu açıqlamışdı.

    Rəşid Taha 12 sentyabr 2018-ci ildə, 60 illik yubileyinə cəmi 6 gün qalmış yuxuda ürək tutmasından vəfat etdi. Onun ölümündən sonra, 2019-cu ildə “Je suis Africain” (Mən afrikalıyam) adlı son albomu işıq üzü gördü.

    #Rəşid Taha #Rok #pank və rai musiqisi #Oran şəhəri #Əlcəzairin Maskara vilayəti #Carte de Séjour #Douce France #Steve Hillage #Rock El Casbah #Rock the Casbah #Robert Plant #Black Hawk Down #Je suis Africain
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi

    23 İyul 2026 10:25

    Rəşid Taha – Rok, pank və rai musiqisinin üsyankar siması

    6 İyul 2026 16:31
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 31 İyul

    Google Anthropic-in 15 milyard dollarlıq məlumat mərkəzi layihəsini dəstəkləyir

    İranla bağlı qətnamə Senatda kifayət qədər dəstək qazanmayıb

    İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

    OpenAI kiçik və orta səviyyəli süni intellekt modellərinin qiymətlərini kəskin endirib

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə ediblər

    Qətər İrlandiyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını alqışlayıb

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    Küveyt Səudiyyə Ərəbistanının dəniz alyansı təşəbbüsünə dəstək verir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.