Suriya parlamentinin Bəşər Əsəddən sonrakı ilk tərkibində qadın millət vəkilləri saylarından çox müxtəlifliyi ilə diqqət çəkirlər: məşhur aktrisa, xristian mühəndis, kürd lider və radikal islamçı komandirin dul qadını.
13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra 2024-cü ildə Əsəd hakimiyyətinin devrilməsi ilə formalaşan yeni parlamentdəki 207 yerdən 22-sini qadınlar tutur. Bu da təxminən 10 faiz təşkil edir və keçmiş rejimin dövründəki göstərici ilə demək olar ki, eynidir.
Parlament ilk iclasını iyul ayında keçirsə də, bəzi deputat yerləri hələ də boş qalır.
Qadın deputatlardan 15-nin Prezident Əhməd əş-Şəraa tərəfindən təyin edilməsi, müharibədən sonrakı keçid dövründə qadınların və azlıqların kifayət qədər təmsil olunmaması ilə bağlı tənqidlərdən sonra yeni rəhbərliyin cəmiyyətin bütün təbəqələrini əhatə etmək istəyini əks etdirir.
Televiziya aktrisası
Televiziya serialları ilə tanınan 36 yaşlı cazibədar aktrisa Ruzeyna Lazkani, əş-Şəraa tərəfindən keçid dövrü konstitusiya qaydalarına əsasən təyin edilən 70 deputatdan biri olaraq siyasətə qədəm qoyub.
Dəməşqdə dram sənəti üzrə təhsil alan və heç vaxt siyasi rol alacağını təsəvvürünə gətirməyən Lazkani təyinatını ictimaiyyətə elan olunmazdan iki gün əvvəl öyrənib.
"Elə bildim, həmkarlarımdan biri mənə zarafat edir", - deyə o, televiziya müsahibələrindən birində bildirib.
Onun anadan olduğu Suriyanın mərkəzindəki Həma şəhəri 1982-ci ildə Əsədin atası Hafiz Əsədin "Müsəlman Qardaşlar" islamçı qrupunun üsyanını yatırarkən törətdiyi qətliamla tanınır.
Lazkaninin incəsənət sahəsindən gəlməsi və siyasi keçmişinin olmaması səbəbindən bu təyinat bir çoxları üçün gözlənilməz olub.
Siyasətdən uzaq olduğunu etiraf edən Lazkani, "Mövcud mərhələdə təbrikdən ziyadə dualara ehtiyacım var", - deyə əlavə edib.
Xristian alim
38 yaşlı parlament sədrinin müavini Madonna Beşara əş-Şəraa tərəfindən təyin olunmazdan əvvəl mülki tikinti mühəndisliyi üzrə professor işləyib.
O, parlamentdəki iş otağında verdiyi müsahibədə eyni anda həm sevinc, həm də məsuliyyət hissi keçirdiyini bildirib.
"Qadınların sayı Suriya cəmiyyətindəki rolunun əhəmiyyətini tam əks etdirməyə bilər, lakin bu, yaxşı bir başlanğıcdır. Bu tavan altında varlığımız rəmzi məna daşımaqdan kənara çıxmalı, qanunvericilikdə və qərarlarda real təsirə çevrilməlidir".
İnanclı xristian olan Beşara həmkarları ilə birlikdə 13 ildən çox davam edən müharibədən sonra bütün vətəndaşlara təhlükəsizlik gətirəcək "Suriyaya layiq qanunvericilik inqilabı"na rəhbərlik edəcəklərinə ümid etdiyini vurğulayıb.
Kürd lider
56 yaşlı kürd deputat Fəslə Yusif ölkənin şimal-şərqindəki Həsəkə vilayətindəki seçki kollegiyası tərəfindən seçilib.
O, Əsəd hakimiyyətinə qarşı çıxan, lakin uzun illər ölkənin şimal və şimal-şərq ərazilərinə nəzarət edən kürd administrasiyasında təmsil olunmayan Kürd Milli Şurasının üzvüdür.
"Biz bütün suriyalıları təmsil edirik, eyni zamanda kürd cəmiyyətinin və xalqının nümayəndəsiyəm, bu da üzərimə ikiqat məsuliyyət qoyur", - deyə ilk parlament iclasına milli geyimdə qatılan Yusif bildirib.
Yanvar ayında Dəməşq ilə kürd administrasiyası arasında əldə olunmuş inteqrasiya sazişi kürdlərin muxtariyyət xəyallarını boşa çıxardı və bu azlıq qrupunun bir çox nümayəndəsində hələ də narahatlıq yaradır.
Cəmiyyətində gender bərabərliyinə xüsusi önəm verilən Yusif, qadın hüquqlarının müdafiəsi və bu hüquqların ölkə konstitusiyasında təsbit edilməsi istiqamətində çalışmaq istədiyini deyib.
Yazıçı
Yazıçı Nur Cəndali Əsəd əleyhinə etirazların qalası sayılan Hums şəhərinin nümayəndəsi kimi Şərə tərəfindən parlamentə seçilib.
O, parlamentin bütöv Suriya xalqı üçün dialoq meydanına çevriləcəyinə ümid etdiyini bildirib.
Əsəd rejiminə qarşı uzun illər mübarizə aparan 48 yaşlı Cəndali mühasirə və sürgün həyatı yaşayıb, 20-dən çox kitabın müəllifidir.
"Biz bir-birimizi dinləməyə və fərqli şəkildə anlamağa həvəsliyik. Əsədin dövründə deputatlar hakimiyyətin əlində bir alət idi. Mən isə parlamentə dəyişiklik gətirmək üçün daxil olmuşam", - deyə o vurğulayıb.
İlk niqablı deputat
Əş-Şərə tərəfindən təyin olunan digər deputat Mervət Tutu ticarət və iqtisadiyyat üzrə ali təhsil alıb, ölkənin şimal-qərbindəki İdlib şəhərində 13 il müəllim işləyib.
O, Suriya tarixində tam üzüörtülü niqab tapan ilk parlament üzvüdür.
Onun həyat yoldaşı Əbu Ömər Səraqib 2015-ci ildə İdlibə nəzarəti ələ keçirən islamçı koalisiyaya komandanlıq edib və növbəti il hava zərbəsi nəticəsində həlak olub.
Köhnə döyüşçü olan əş-Şəraa həmin vaxt bu koalisiyanın tərkibindəki qruplaşmalardan birinə rəhbərlik edirdi. Hakimiyyətə gəldikdən sonra verdiyi ilk müsahibələrdən birində Şərə 2024-cü ilin dekabrında Əsədi devirərək Dəməşqə daxil olarkən Əbu Öməri xatırladığını bildirib. Keçən il o, şəhid ailələrinin təltif edilməsi mərasimi çərçivəsində Tutunu prezident sarayında qəbul edib.
Digər diqqətçəkən deputat isə yeni rəhbərliyin dövlət vəzifəsinə təyin etdiyi ilk qadın olan Ayşə əd-Dibsdir. O, hazırda bu vəzifəni tutmur. Bir neçə ay Qadın İşləri İdarəsinə rəhbərlik edən Dibs, qadınları "fitri təbiətlərinin çərçivəsindən kənara çıxmamağa" və "ailədəki tərbiyəvi rollarını bilməyə" çağırdıqdan sonra cəmiyyətdə böyük narazılıq doğurmuşdu.