#Mask və Tramp administrasiyası

Milyarder iş adamı Elon Mask ABŞ-da üçüncü siyasi qüvvə kimi təsis etməyi planlaşdırdığı “Amerika Partiyası” layihəsini hələlik dayandırıb. Buna səbəb kimi respublikaçı seçicilərin parçalanması riski və vitse-prezident J.D. Venslə münasibətlərə xələl gəlməsi ehtimalı göstərilir. Wall Street Journal-ın məlumatına görə, Mask diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib. O, respublikaçı elektoratın parçalanmasının qarşısını almaq və Venslə münasibətləri qorumaq üçün partiya planlarından geri çəkilib. Rəsmilər bildiriblər ki, milyarder gələcəkdə – xüsusilə 2028-ci ildə prezident seçkilərində Vensin namizədliyi halında ona maliyyə dəstəyi verməyi nəzərdən keçirir.

Texnologiya milyarderi Ilon Mask Yaponiyanın sürətli demoqrafik tənəzzül yaşadığını və bu il ölkənin təxminən bir milyon nəfər əhalisini itirə biləcəyini bildirib. O, daha əvvəl X platformasında yazaraq, Yaponiyanın aşağı doğum səviyyəsinə görə “yoxluq” riski ilə qarşı-qarşıya olduğunu vurğulayıb və süni intellekti bu tənəzzülü geri qaytara biləcək “yeganə ümid” kimi dəyərləndirib. Mask bu açıqlamanı World Statistics-in “Yaponiyanın əhalisi 2024-cü ildə 900.000 daha çox ölümlə azalır” məlumatına istinadla verib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi statistikalarına görə, ötən il 686 061 doğuş və 1 605 298 ölüm qeydə alınıb ki, bu da əhalinin xalis sayının 919 000 nəfər azalması deməkdir.