Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.
#Livanın suverenliyi
Yaxın Şərqdə son günlər baş verən diplomatik proseslər Livanı regional siyasi gündəmin mərkəzinə çevirib. Vaşinqton və Tehran arasında əldə olunan çərçivə razılaşması fonunda Livan həm yeni imkanlarla, həm də ciddi risklərlə üz-üzə qalıb. Müşahidəçilər hesab edirlər ki, qarşıdakı həftələrdə veriləcək qərarlar ölkənin gələcək təhlükəsizlik və siyasi kursunu müəyyən edə bilər.
Abbas Əraqçi Livan parlamentinin sədri Nəbih Berri ilə memorandumun Livanla bağlı müddəalarını müzakirə edib. İranlı nazir Livana qarşı hərbi əməliyyatların dayandırılması barədə öhdəliyin dərhal qüvvəyə minməli olduğunu bildirib. O qeyd edib ki, bu müddəa 60 günlük danışıqlar dövrü ərzində də tam şəkildə icra edilməlidir. Əraqçi razılaşmaya əməl olunmasına nəzarətin ABŞ və təminatçı tərəflərin məsuliyyətində olduğunu vurğulayıb. Livanın təhlükəsizliyi və suverenliyi əsas prinsiplərdən biri kimi təqdim olunub. Tərəflər bölgədəki son vəziyyəti də müzakirə ediblər. Tehran memorandumun tam icrasının vacibliyini önə çəkib. Livanla bağlı müddəalar razılaşmanın əsas elementlərindən biri hesab olunur.
Livan Prezidenti Cozef Aun ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında İsraillə atəşkəsin əldə olunmasının bütün gələcək diplomatik proseslər üçün əsas şərt olduğunu bildirib. Aun regionda sabitliyin bərpası və siyasi dialoqun inkişafı üçün ilk növbədə hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb. Marko Rubio isə ABŞ-ın İsrail və Livan arasında əvvəlki diplomatik səylərin nəticələrini qorumağa sadiq olduğunu, həmçinin Livanın sabitliyi, müstəqilliyi və suverenliyini dəstəklədiyini bəyan edib. Telefon danışığı regionda davam edən gərginlik fonunda diplomatik səylərin davam etdiyini göstərir.